Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 20:11:00
Akademiyada məzun günü

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunmuş tədbir keçirilib.

AzEdu.az-ın  məlumatına görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.

Məzunları təbrik edən Əli Nağıyev onların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini şərəflə yerinə yetirmələrinin Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik mənafelərinin qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.

Xidmət rəisi diqqətə çatdırıb ki, Azərbaycan təhlükəsizlik orqanlarının bir əsrlik tarixinin ən şərəfli və yaddaqalan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır.

General-leytenant Əli Nağıyev deyib ki, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, dayanıqlı iqtisadi tərəqqinin əsas təminatçısı olan sabitliyin və təhlükəsizliyin qorunmasında digər aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə yanaşı, DTX-nin də üzərinə böyük vəzifələr düşür: “Biz hamılıqla Ulu Öndərin bizə əmanət etdiyi, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə durmadan inkişaf edən və daha da qüdrətlənən Azərbaycan Respublikasına şərəflə xidmət etməli və dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq”.

Xidmət rəisi əminliklə bildirib ki, DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da vaxtında və qətiyyətlə yerinə yetirəcək.

Sonra general-leytenant Əli Nağıyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim edib.