Statistikalara əsasən, Türkiyədə 40 minə yaxın azərbaycanlı təhsillərini davam etdirir. Maraqlısı budur ki, Türkiyə əhalisinin sayı Azərbaycandan dəfələrlə çox olmasına baxmayaraq, yalnız 5 min nəfər türk ölkəmizdə təhsil alır.
Bəs görəsən, bunun səbəbləri nələrdir? Niyə biz Türkiyəyə axın etdiyimiz halda, türklər bizim universitetlərə daha az üz tuturlar?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a açıqlamasında bildirib ki, türk tələbələrin Azərbaycan universitetlərini daha az seçməsinin səbəbi təhsilin keyfiyyətidir:
“Digər ölkələrlə müqayisədə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı üstünlük təşkil edir. Bu bir neçə amillə əlaqədardır. İlk növbədə türk dili vətəndaşlarımız tərəfindən asan mənimsənilir. Bundan əlavə Türkiyə həm qonşu, həm də qardaş ölkə olduğundan bir azərbaycanlı özünü orada daha rahat hiss edir. Ən əsası isə Türkiyə universitetlərinə qəbul asandır. Məhz bu amillərə görə üstünlük Türkiyə univeristetlərinə verilir. Təsadüfi deyil ki, 40 minə yaxın azərbaycanlı Türkiyənin özəl və dövlət universitetlərində təhsil alırlar. Amma paralelində ölkəmizdə təhsil alan türkiyəli vətəndaşların sayı azdır. Buna səbəblərdən biri ilk növbədə təhsilin keyfiyyətidir. Ölkəmizdəki türk tələbələrin əksəriyyəti sayılıb, seçilən universitetlərdə oxuyurlar. Burada bir neçə dövlət və çox az sayda özəl universitet daxildir.
Türk vətəndaşlarının əksəriyyəti ya Avropaya ya da öz ölkələrindəki ali təhsil müəssisələrini seçirlər. Bu nöqteyi-nəzərdən də bizdə türkiyəli tələbə sayı daha azdır.
Düşünürəm ki, Azərbaycan ali təhsil müəssisələrinə türkiyəli tələbələr cəlb etmək üçün müəyyən qədər proqramlar hazırlana, onlar üçün müəyyən güzəştlər edilə bilər. Bununla yanaşı təhsilin keyfiyyətinin artırılması məsələsi də diqqət mərkəzində olmalıdır. Keyfiyyət amili yüksək olduğu təqdirdə əcnəbi tələbələrin sayında artım olacaq”.