Azedu.az

Qarabağda müasir peşə təhsili müəssisələrinin şəbəkəsi qurulur

Peşə Təhsili

14 Aprel 2025, 17:26
Qarabağda müasir peşə təhsili müəssisələrinin şəbəkəsi qurulur

İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış dövlət proqramı çərçivəsində müasir peşə təhsili infrastrukturunun qurulması istiqamətində mühüm addımlar atılır.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Kürdəmirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində, ümumilikdə, 8 peşə təhsili müəssisəsinin tikintisi nəzərdə tutulub. Hazırda Füzuli şəhərində yeni Peşə Təhsili Mərkəzinin tikintisi davam edir. Eyni zamanda, 2025-ci ilin əvvəlindən Şuşa şəhərində yerləşən peşə təhsili müəssisəsində də əsaslı təmir işlərinə start verilib.

“Füzuli Peşə Təhsili Mərkəzi müasir standartlara uyğun inşa edilir və ilkin mərhələdə 750–800 nəfərlik tədris gücünə malik olacaq. Mərkəzdə sənaye, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə ənənəvi ixtisaslarla yanaşı, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji, nəqliyyat və aviasiya sahələrinə uyğun ixtisasların da tədrisi planlaşdırılır,” – deyə Ceyhun Kərəmov bildirib.

Agentlik sədri qeyd edib ki, Füzulidəki mərkəz yalnız yerli deyil, regional təhsil ocağı kimi də fəaliyyət göstərəcək. Burada yataqxana və digər infrastruktur imkanları ətraf rayonlardan olan tələbələrin də təhsil almasına şərait yaradacaq.

Onun sözlərinə görə, mərkəzdə peşə təhsilinin bütün pillələri – altı aylıq və bir illik ilkin peşə təhsili, üç illik texniki peşə və dörd ilə qədər davam edən yüksək texniki peşə proqramları üzrə təhsil veriləcək.

“Əlavə olaraq, ilk dəfə Füzuli Peşə Təhsili Mərkəzində dronların və pilotsuz uçuş aparatlarının təmiri üzrə texniki ixtisasların da tədrisi nəzərdə tutulur,” – deyə o bildirib.

Ceyhun Kərəmov qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən Qarabağ “yaşıl enerji” zonası elan olunub. Bunu əsas götürərək, yeni peşə təhsili müəssisələrində bərpaolunan enerji sahəsinə uyğun kadr hazırlığına da xüsusi diqqət yetiriləcək.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox