Azedu.az

"Ailə münaqişələri uşağın təhsilinə mane olur"

Xəbərlər

17 Mart 2025, 13:28
"Ailə münaqişələri uşağın təhsilinə mane olur"

"Valideynlər arasındakı münasibət şagirdin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır".

 

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil psixoloqu Əhməd Əliyev bildirib.

 

Onun sözlərinə görə, uşaqlar ailədaxili problemlərdən nə qədər az təsirlə çıxarlarsa, bir o qədər sağlam şəxsiyyət kimi formalaşa bilərlər:

 

“Ailə mühiti uşağın psixoloji inkişafına, təhsilə olan münasibətinə və gələcək həyatına təsir edən əsas faktorlardan biridir. Təəssüf ki, bəzi ailələrdə tez-tez baş verən münaqişələr uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bu cür hallar onların davranışlarında, dərslərə yanaşmalarında və ümumi həyat tərzində özünü büruzə verir.

 

Belə ailələrdə böyüyən uşaqları iki əsas qrupa bölmək olar. Birinci qrupa daxil olan uşaqlar ailədə baş verən münaqişələrdən çıxış yolunu təhsildə görürlər. Onlar evdəki çətinliklərə baxmayaraq, təhsilə üstünlük verir, özlərini inkişaf etdirməyə çalışırlar. Bu cür uşaqlar əksər hallarda iradəli, məqsədyönlü olur və gələcəklərini yaxşı qurmaq üçün mübarizə aparırlar. Lakin bu tip uşaqların sayı çox azdır.

 

İkinci qrupa aid olan uşaqlar isə ailədəki münaqişələrin təsiri ilə özünə inam problemi yaşayır. Onlar başqalarının xoşbəxt ailələrini gördükdə öz ailələrinə qarşı nifrət hissi keçirirlər. Bu nifrət onlarda bir sıra mənfi davranışlara səbəb olur. Əgər dərslərində uğurlu idilərsə, bilərəkdən dərslərə laqeyd yanaşmağa başlayırlar. Əgər əvvəllər tərbiyəli idilərsə, məktəbdə münaqişələr yaratmağa, müəllim və sinif yoldaşları ilə problemlər yaşamağa başlayırlar.

 

Bu uşaqlar bu davranışları ilə valideynlərinin diqqətini çəkməyə çalışırlar. Öz daxili narazılıqlarını bu şəkildə ifadə edərək, "sizin problemləriniz mənim inkişafıma mane olur" mesajını vermək istəyirlər. Bu kimi hallar daha çox boşanmış ailələrdə müşahidə olunur".

 

“Valideynlər arasındakı ayrılıq uşağın psixologiyasına ciddi təsir edir”, - deyə psixoloq qeyd edib:

 

“Ancaq bütün boşanmış ailələrdə vəziyyət eyni olmur. Bəzi hallarda ata və ana ayrı yaşasalar da, ata övladı ilə əlaqəni kəsmir, ona sevgi və qayğı göstərir. Belə uşaqlar yenə də öz güvənlərini qoruyur, təhsildə və həyatlarında uğur qazana bilirlər. Əsas olan valideynlərin, xüsusilə də ayrıldıqdan sonra, övladlarına qarşı məsuliyyətlərini unutmamalarıdır. Uşaqlar ailədaxili problemlərdən nə qədər az təsirlə çıxarlarsa, bir o qədər sağlam şəxsiyyət kimi formalaşa bilərlər.

 

Bu baxımdan, valideynlər ailə münaqişələrinin uşaqlar üzərindəki təsirini nəzərə almalı, onların psixoloji sağlamlığına diqqət yetirməli və hər hansı problem yaranarsa, uşaqlarına dəstək olmalıdırlar. Əks halda, ailədəki gərginlik uşağın gələcəyinə mənfi təsir göstərə bilər".

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox