Ötən günlərdə magistratura imtahanının I cəhd üzrə nəticələri açıqlandı. Bir qismi imtahanların normal keçdiyini qeyd etdiyi halda, digər qismi isə çətin olduğu qənaətindədirlər.
Hətta bakalavrların çoxu I cəhd imtahanının bilərəkdən çətin salındığını deyirlər. Onların sözlərinə görə, bu , II cəhd imtahanında iştirak etmələri üçün bir "tələdir".
Maraqlıdır, qeyd edilən məsələ nə dərəcədə düzgündür?
Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, I cəhd imtahanının çətin olması bir “tələ” deyil:
“Ümumiyyətlə hazırkı magistratura üzrə keçirilən imtahan prosesini bəyənmirəm. Təsəvvür edin ki, filologiya, riyaziyyat fakültəsini bitirənlərə də eyni 3 fəndən imtahan edirlər. Yəni bu magistratura imtahanındakı suallar axı hansı biliyi ölçür? Əvvəl bu imtahan iki mərəhələ üzrə həyata keçirilirdi. Həmin ikinci mərhələ ixtisas suallarından ibarət idi. Daha sonra həmin mərhələni ləğv etdilər.
Dövlət İmtahan Mərkəzi bir sıra imtahanları iki dəfə həyata keçirir. Magistr imtahanında adətən I cəhdlə II cəhdin suallarının səviyyəsi eyni olur. Lakin biz bunu keçən il üçün deyə bilmərik. Çünki ötən il II cəhd imtahanı daha çətin oldu.
Ümumiyyətlə I cəhd imtahanının çətin olmasının bir “tələ” olduğunu düşünmürəm. Çünki Dövlət İmtahan Mərkəzi imtahan üçün müəyyən resurs sərf edir və publik hüquqi şəxsdir. Buna görə də II cəhd imtahanının bakalavrların hazırlaşıb daha yüksək nəticə toplaması üçün şans olduğunu düşünürəm.
Magistraturaya düşən qəbul sualları ümumilikdə orta və orta çətin səviyyədə qiymətləndirmək olar.Həmin sahənin müəllimləri, mütəxəssisləri ilə danışıb bu qənaətə gəlmişəm. Ümumiyyətlə bir şəxsin magistraturanın hər iki cəhdində iştirakı zəruri deyil. Sadəcə olaraq iddialı şəxslər və balını yüksəltmək istəyənlərə bir növ II cəhd imtahanı əsl fürsətdir”.