Magistraturaya qəbulun I cəhd nəticələrinə əsasən 95 ballıq imtahanın ən yüksək nəticəsi 93 bal olub. Bu, ötənilki ilə müqayisədə imtahanda 100 ballıq nəticənin əldə olunmadığını göstərir.
Eyni vəziyyət II cəhd imtahanında da təkrarlanarsa, bu, keçid ballarında hansı dəyişikliklərə səbəb ola bilər?
Təhsil eksperti Elçin Əfəndiyev AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, magistraturaya qəbulda esse imtahanlarının əlavə olunması bakalavrların ümumi nəticələrinə təsir edir:
“Magistraturaya qəbul imtahanına son 2 ildə xarici dil üzrə esse (yazı) əlavə edilib və bu, bakalavrların nəticələrinə təsir göstərib. Ona görə də bu illər ərzində imtahanda maksimal nəticə göstərən namizəd olmur. Lakin 1-2 nəfərin maksimum nəticə əldə etməməsi ümumi göstəricilərin pis olduğu anlamına gəlmir.
Görünür ki, 90 baldan yuxarı nəticə əldə edən bakalavrlar mövcuddur. Lakin esse prosesi hələ də bəzi namizədlər üçün müəyyən çətinliklər yaradır. Ümumiyyətlə, hər hansı yenilik tətbiq edildikdən sonra 1-5 il ərzində həm keçid ballarında, həm də maksimal nəticələrdə fərqliliklər müşahidə olunur. Bu, həm abituriyentlərə, həm də bakalavrlara aiddir. Yeniliklərə tam uyğunlaşana qədər yüksək bal toplayan namizədlərin sayı az ola bilər və ya heç olmayacaq.
Bu il də hər iki cəhddən 100 bal toplanılmasa, ötənilki kimi nəticələrdə fərq olacaq. Digər imtahandan sonra median göstəricilərinin əvvəlki illə bu il arasındakı fərqini müqayisə edib, daha dəqiq fikir bildirmək olar. Amma hər bir halda I cəhddəki nəticə II cəhd imtahanında da özünü göstərərsə, ötənildən fərqlilik olmayacaq.
Ola bilsin ki, müəyyən ixtisaslarda cuzi də olsa ballar artsın, amma bütün ixtisaslarda balların artacağını düşünmürəm. Keçid ballarının artması üçün II cəhd imtahanında göstərilən nəticələr indikindən yüksək olmalıdır”.