Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar davam edir.
Olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. İştirakçılar 21-26 iyun tarixlərində ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.
Məktəblilərin Respublika İdman Olimpiadasında uğurlu nəticə qazananlardan biri də 14 yaşlı Zəhra Tahirovadır.
O, bədii gimnastika üzrə yarışlarda özündən yaşca böyük idmançılarla mübarizə apararaq ikinci yerə layiq görülüb.
AzEdu.az bu münasibətlə Zəhra ilə həmsöhbət olub.
Qarşıma məqsəd qoydum ki, mütləq daha irəli getməliyəm və buna nail oldum:

"Məktəblilərin Respublika İdman Olimpiadasında özümdən bir yaş böyük idmançılarla yarışaraq ikinci yerə layiq görülmək çox qürurvericidir. Bu uğura görə məşqçilərimə və xüsusilə şəxsi trenerlərim Səbinə və Ləman xanıma dərin təşəkkürümü bildirirəm.
Yarışın ilk günlərində əslində üçüncü yerdə qərarlaşmışdım. Lakin ikinci gün çıxış edərkən qarşıma qəti məqsəd qoydum ki, mən mütləq daha irəli getməli, ikinci və ya birinci olmalıyam. Hədəfimə nail olduğum üçün çox xoşbəxtəm.


Bu yolda mənə ən böyük dəstəyi ilk növbədə valideynlərim, daha sonra isə məşqçilərim göstəriblər. Hazırda məktəb dərslərim də normaldır, yaxşı oxuyuram. Lakin gələcək hədəfim məhz idman sahəsində inkişaf etməkdir. Arzum gələcəkdə Avropa və dünya çempionatlarında ölkəmi təmsil etmək və olimpiadaya gedən yolda daha böyük uğurlar qazanmaqdır".
