Elm və təhsil naziri müsahibəsində diqqətçəkən bir fikir səsləndirib. Nazir bildirib ki, ali təhsilə qəbul çətin olmamalı, əksinə, ali təhsili uğurla başa vurmaq daha tələbkar proses olmalıdır.
Onun sözlərinə görə, Azərbaycanda universitetə qəbul olanların təxminən 85-90 faizi məzun olur və məhz bu göstərici narahatlıq doğurmalıdır. Nazir hesab edir ki, xüsusilə peşəkar mütəxəssis hazırlığı ciddi akademik tələblər və rəqabət tələb edir.
Bəs, ali təhsilə qəbulun nisbətən çətin, amma məzun olmağın daha asan olması hansı riskləri yaradır?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.

Azərbaycanın ali təhsil müəssisələrində giriş qapıları geniş, çıxış qapıları isə dar olmalıdır:
“Cənab nazirin fikirləri ilə tam razıyam. Çünki nazir hazırda dünyada inkişaf etmiş ölkələrin universitetlərində formalaşan tendensiyanı qeyd edir. Uzun illərdir ki, Azərbaycanda da təhsil mütəxəssisləri tərəfindən bu fikirlər səsləndirilir: Azərbaycanın ali təhsil müəssisələrində giriş qapıları geniş, çıxış qapıları isə dar olmalıdır.
Nazir də məhz bu məsələyə toxunur. O bildirir ki, universitetlərə qəbul zamanı bu qədər çətinlik yaratmağa ehtiyac yoxdur, lakin məzun olarkən müəyyən çətinliklər və ciddi akademik tələblər olmalıdır. Belə olmadığı təqdirdə nə baş verəcək? O zaman insanlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün dəridən-qabıqdan çıxacaq, müxtəlif çətinliklərə qatlaşacaq, lakin universitetdə keçirdikləri 4 il onlar üçün sadəcə vaxt itkisinə çevriləcək.
Həmin 4 il onlara əmək bazarında və ya akademik dünyada xüsusi əhəmiyyət daşıyan bacarıqlar və səriştələri qazandırmayacaq. Bu halda bizim magistratura və doktoranturaya yönəlik tələbə hazırlığımız da yetərli olmayacaq. Yəni həmin tələbələr, məsələn, magistratura və doktoranturaya daxil olduqda biz onları əvvəlcədən yaxşı yetişdirmədiyimiz üçün akademik dünyanın tələblərinə də tam cavab verə bilməyəcəklər. Eyni vəziyyət əmək bazarında da müşahidə olunacaq.
Əgər biz kütləvi şəkildə tələbələri ciddi səriştələr qazandırmadan məzun ediriksə, bu o deməkdir ki, onları dövrün tələb etdiyi bacarıqlarla kifayət qədər təchiz etmirik. Belə olduqda isə onlar əmək bazarında rəqabətə davam gətirə bilməyəcək və dövrün tələblərinə cavab verməktə çətinlik çəkəcəklər”.
Məzunların öz sahələri üzrə bilik və bacarıqlarının yetərsiz olması onların iş tapmaq imkanlarını məhdudlaşdırır:
“Universitetlərdə tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün mövcud mexanizmlərin kifayət qədər effektiv olub-olmaması məsələsinə gəldikdə, məncə, qiymətləndirmə kifayət qədər obyektivləşib, xeyli dərəcədə şəffaflıq artıb və arzuolunmayan hallar da azalıb.
Amma məzmun keyfiyyəti, məzmunun yüksək səviyyədə çatdırılması, mövzuların dövrün tələblərinə uyğunluğu, eyni zamanda praktiki işlər, laborator məşğələlər, bacarıqlar, staj və təcrübə məsələsi sanki zəif qalır.
Ona görə də tələbələrimiz məzun olduqları zaman əksər hallarda müşahidə olunur ki, onlar öz ixtisasları üzrə iş tapa bilmir və ya ixtisaslarını davam etdirmirlər. Niyə? Çünki öz ixtisaslarını kifayət qədər yaxşı öyrənməyiblər, bu sahədə onlarda etibar, özünəgüvən və inam formalaşmayıb. Buna görə də onlar daha çox yan sahələrə yönəlir, yenidən yeni bir sahə qazanmağa və əlavə səriştələr əldə etməyə çalışırlar”.
Ölkəmizdə məzunluq faizinin bu qədər yüksək olmasının səbəbi, ali təhsil sistemimizdə təhsilin keyfiyyətinin arzulanan səviyyədə olmamasıdır:
“Dünya təcrübəsində tələbələrin müəyyən hissəsinin təhsil müddətində proqramı tamamlaya bilməməsi normal sayılır. Azərbaycanda məzunluq faizinin bu qədər yüksək olmasının səbəbi, birinci növbədə, bizim ali təhsil sistemimizdə təhsilin keyfiyyətinin arzulanan səviyyədə olmamasıdır. Bir çox universitetlərimizdə tələbələr rahatlıqla məzun ola bilirlər.
Məzmun, təcrübə, praktika zəifdir və buna müvafiq olaraq qiymətləndirmə də zəifdir.Universitetdə məzmun zəif olduqda müəllimdən nə tələb oluna bilər ki? Orada sadəcə müəyyən 100 və ya 150 sual verilir və deyilir ki, bu sualların arasından sizə sual düşəcək. Onlar da sualları əzbərləyir, gəlir və cavab verir.
Bu tip qiymətləndirmə sistemi var. Bilirsiniz ki, arzuolunmayan hallar xeyli azalıb, artıq qiymətləndirmədə Sovet dövrünün qalıqlarında olduğu kimi, 90-cı illərdə olduğu kimi vəziyyətlər yoxdur. Amma yenə də bu qiymətləndirmə sistemi doğru deyil”.
Öz işinə hörmət edən müəllimlər olduqda ali təhsildə məzunluq faizi istər-istəməz aşağı düşəcək:
“Yəni “100-200 sual verəcəm, onların arasından 30-40 sual soruşacam” kimi yanaşmalar yanlışdır. Bunun əvəzinə alternativ, müəllimə etibar olunan qiymətləndirmə modelləri olmalıdır.
Tələbənin, ümumiyyətlə, aktiv olduğu, fəal iştirak etdiyi, təcrübə etdiyi, təqdimat və tədqiqat apardığı qiymətləndirmələr olmalıdır. Biz obyektivlik naminə yalnız testə yönəlmişik, amma ali təhsil sistemində test təkbaşına yaxşı qiymətləndirmə vasitəsi deyil.
Əgər biz müəllimə və onun keyfiyyətinə etibar edib, həqiqətən də bu etibarı doğruldan professor və müəllim heyəti formalaşdıra bilsək, o zaman məzunluq faizi də azalacaq. Öz işinə hörmət edən müəllimlər olduqda isə ali təhsildə məzunluq faizi istər-istəməz aşağı düşəcək”.