“Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin müxtəlif proqramları üzrə bu il 66 nəfər ali təhsilini başa vurur.
AzEdu.az xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin “II Məzun Günü – 2026” tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, ötən ilin məzunları ilə birlikdə layihə çərçivəsində artıq 125 gənc qadın mütəxəssis kimi cəmiyyətə vəsiqə qazanıb:
“Builki məzunlarla birlikdə proqramlarımız üzrə artıq 125 nəfər peşəkar kadr kimi əmək bazarına daxil olur. Onlardan 20-yə yaxını ali təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib”.
Komitə sədri qızların STEM istiqamətlərinə marağının artdığını da diqqətə çatdırıb:
“Qızlarımızın kompüter elmləri, informasiya texnologiyaları, data analitikası və digər STEM sahələrinə göstərdiyi maraq bizi sevindirir. Bu, gələcəyin peşələrində qadınların daha fəal təmsil olunacağına inamımızı gücləndirir”.
B.Muradova şəhid ailələrinin üzvlərinə yönəlmiş təhsil proqramına da toxunaraq bildirib ki, bu istiqamət üzrə indiyədək 34 nəfər dəstək alıb:
“Şəhid əmanətlərinin təhsilinə töhfə vermək həm mənəvi məsuliyyət, həm də dövlət-vətəndaş həmrəyliyinin göstəricisidir”, - deyə B.Muradova qeyd edib.
Aytac Şirinzadə