Bakı Dövlət Universitetinin (BDU) Diferensial və inteqral tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, universitetin Həmkarlar İttifaqı Komitəsinin 1995–2006-cı illərdə sədri olmuş Məhəmməd Quliyev vəfat edib.
AzEdu.az-ın məlumatına görə, Məhəmməd Quliyev 1943-cü il sentyabrın 27-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.
O, 1950-1959-cu illərdə Xanlıq orta məktəbində təhsil alıb. 1959–1965-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində oxuyub. Ali təhsilini başa vurduqdan sonra, 1965–1967-ci illərdə Xanlıq orta məktəbində müəllim kimi fəaliyyət göstərib.
Professor Məhəmməd Quliyev 1974-cü ildən etibarən Bakı Dövlət Universitetində çalışıb. Uzun illər ərzində elmi-pedaqoji fəaliyyət göstərən alim diferensial və inteqral tənliklər sahəsində mühüm tədqiqatların müəllifi olub.
O, yalnız elmi fəaliyyəti ilə deyil, yüksək insani keyfiyyətləri, xeyirxahlığı və universitet kollektivinə göstərdiyi qayğı ilə də yadda qalıb. Məhəmməd Quliyev 1995-ci ildə BDU Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib və 2006-cı ilədək bu vəzifədə çalışıb. Fəaliyyəti dövründə universitet əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirib.
Qeyd edək ki, Məhəmməd Quliyev 2026-cı il iyunun 22-də vəfat edib.
Allah rəhmət etsin!