Bu gün keçirilən sertifikasiya imtahanının I seansı yekunlaşıb.
328 nömrəli tam orta məktəbin tarix müəllimləri Nigar Asmənd və Gülnar Rüstəmova sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüblər.
Nigar Asmənd 5 ildir pedaqoji fəaliyyət göstərdiyini və imtahana əsasən son 1-2 ayda daha intensiv hazırlaşdığını bildirib. Onun sözlərinə görə, suallar müxtəlif səviyyədə olub:
“İmtahanda həm asan, həm orta, həm də çətin suallar var idi. Bəzi suallar dərhal cavablandırıla biləcək qədər sadə idi, amma düşündürücü və diqqət tələb edən tapşırıqlar da vardı”.
Düşünürəm ki, mövzuya səthi yanaşanlar üçün 50 balı keçmək çətin olardı. Çünki suallar diqqət və dəqiqlik tələb edirdi”.
Nigar Asmənd ümumilikdə sertifikasiya imtahanının keçirilməsini müsbət qiymətləndirib, lakin sualların səviyyəsinin balanslı şəkildə tənzimlənməsinin vacibliyini qeyd edib.
Digər müəllim Gülnar Rüstəmova isə 14 illik pedaqoji təcrübəyə malik olduğunu və imtahanda 52 bal topladığını bildirib.
O, nəticəsini ümumilikdə qənaətbəxş hesab etsə də, daha yüksək bal gözlədiyini
deyib:
“Bir qədər həyəcan və vaxt məhdudiyyəti nəticəmə təsir etdi. Suallar müəllim səviyyəsinə uyğun idi, amma daha çox düşündürücü və diqqət tələb edən tapşırıqlar vardı.
Vaxtın düzgün idarə olunması burada çox vacib idi. Bir az daha vaxt olsaydı, nəticə daha yüksək ola bilərdi”.
O, imtahanın şəffaf təşkil olunduğunu, heç bir texniki problemin yaşanmadığını və nəzarətçilərin münasibətindən razı qaldığını bildirib.
Müəllimlər həmçinin imtahana birgə hazırlaşdıqlarını və bu prosesin nəticələrinə müsbət təsir etdiyini vurğulayıblar.