Azedu.az

400 bal toplayan Ayan: “Sosial şəbəkələrdən imtina etmək düzgün deyil”

İmtahanlar və qəbul məsələləri

24 İyun 2026, 21:28
400 bal toplayan Ayan: “Sosial şəbəkələrdən imtina etmək düzgün deyil”

7 iyun 2026-cı il tarixində keçirilmiş I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni)  üzrə qəbul imtahanının nəticələri elan olunub.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticə olan 400 balı 2 nəfər toplayıb.

Onlardan biri də Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızıdır.

AzEdu.az bu münasibətlə Ayanla həmsöhbət olub.

400 bal toplamaq mənim üçün gözlənilməz nəticə oldu:

"Əslində bu nəticə mənim üçün də bir az sürpriz oldu, demək olar ki, tam gözləmirdim. İmtahanda şübhə etdiyim bəzi suallar var idi, onlara nə qədər bal veriləcəyini dəqiq bilmirdim. Amma qalan sualların onsuz da düzgün olduğunu bilirdim. Ehtimal olaraq 400 bal toplamaq şansı gözləyirdim, amma bu, mənim üçün az bir ehtimal idi. Nəticəni eşidəndə çox sevindim.

İmtahana hazırlıq prosesimə gəldikdə isə, demək olar ki, günümün çox hissəsi dərslə keçirdi. Məktəb saatlarında dərslərimdə olurdum, məktəbdən çıxandan sonra isə hazırlıqlara, repetitor yanına gedirdim.

Sualları ardıcıllıqla yox, öz istədiyim sıra ilə işləyəndə hamısını yaza bildim:

"İmtahanın çətinlik dərəcəsinə gəlincə, mən biologiyadan özümdən o qədər də əmin deyildim. Amma imtahan suallarını görəndə mənə çox asan gəldi. İmtahan zamanı yalnız iki ya üç sualdan tam əmin ola bilməmişdim, qalanlarının düz olduğunu düşünürdüm. Kimya və fizika fənləri də eynilə mənə asan gəldi.

Buraxılış imtahanında isə bizdə dinləmə mətnində səsin tam gəlməmə problemi, yəni texniki nasazlıq olmuşdu. Amma mən əvvəldən onsuz da dinləmədə və ya mətndə müəyyən bir problemin ola biləcəyini gözləyirdim. Ona görə ingilis dilindən nəticəm 86 bal çıxmışdı.

Azərbaycan dilində suallar bir az vaxt aparan idi, düzdür. Lakin çox adam belə bir səhv etmişdi ki, cavabları əvvəlcə sual kitabçasına qeyd edib, sonra cavab vərəqinə köçürməmişdilər və buna görə vaxt itirmişdilər. Mən isə birbaşa bütün cavabları cavab vərəqinə köçürtdüyüm üçün vaxt qazandım və Azərbaycan dilindən nəticəm 100 bal oldu. Riyaziyyatda da başlanğıcda suallar asan idi, sadəcə axırdakı 5-6 sualda bir anlıq duruxdum, o qədər çətinlik gözləmirdim. Amma sualları ardıcıllıqla yox, öz istədiyim sıra ilə işləyəndə onsuz da hamısını yaza bildim".

Gələcəkdə beyin cərrahı olmaq istəyirəm:

"Mən Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Hələ ki, müalicə işi fakültəsinə qəbul olmaq, gələcəkdə isə beyin cərrahı olmaq istəyirəm.

Abituriyentlərin imtahana görə sosial media hesablarını bağlamasına gəldikdə isə, mən özüm sosial şəbəkələrdən istifadə edirdim. 10-cu sinfin yarısına qədər İnstaqram işlətmişdim, sonra sildim və bir də 11-ci sinifdə buraxılış imtahanından sonra yenidən açdım. Amma Vatsapdan onsuz da daim istifadə edirdim.

Məncə, sosial şəbəkələri tamamilə silmək və ya böyük qadağalar qoymaq o qədər də düzgün deyil. Çünki hazırda internet dövründəyik və istəsək də, istəməsək də dərslərimizin, materiallarımızın çoxu PDF formatındadır. Ona görə də telefonu tamamilə kənara qoymağı düzgün hesab etmirəm. Sadəcə, telefondan istifadəyə müəyyən proqramlar vasitəsilə limit və ya məhdudiyyət qoymağı normal qəbul edirəm".

Dərsi yalnız kitabda deyil, həyatın hər anında görmək yüksək nəticənin əsas yollarından biridir:

"Yüksək bal toplamaq istəyən digər abituriyentlərə tövsiyəm budur ki, dərslə məşğul olduqdan sonra, insan istər-istəməz ətrafında hər yerdə dərslə bağlı nələrsə görür. Gündəlik həyatdakı hər hansı bir prosesi dərslə əlaqələndirmək olar.

Məsələn, mən biologiyanı oxuyanda belə edirdim: yemək yeyəndə həzm prosesini fikirləşirdim, yaxud hər hansı bir heyvana baxanda onun daxili quruluşunu beynimdə canlandırırdım. Yəni abituriyentlər gün ərzində, hər zaman deməsəm də, çox zaman beynində dərsləri bu cür daim təkrar etməlidir.

Son olaraq, mənə dəstək olan müəllimlərimə öz təşəkkürümü bildirmək istəyirəm. Gülsabah və Şəfəq müəlliməmə, riyaziyyatdan Rəşad müəllimə, məktəb müəllimimiz Nazlı müəllimə, həmçinin Cəmilə müəlliməyə, Vüsalə müəlliməyə, Lamiyə müəlliməyə, Günel müəlliməyə və bibim Xalidə müəllimimə -  hamısına çox təşəkkür edirəm".

Rusiyada səfərbərlik başlayır! Azərbaycanlılara kritik xəbərdarlıq
Son xəbərlərDaha çox