Bu gün təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günüdür.
İmtahandan maksimum nəticə əldə edən müəllimlərdən biri də Lənkəran rayonu Vidadi Qasımov adına Digah kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, Kürsümxanım Xəlilzadədir.
AzEdu.az bu münasibətlə Kürsümxanım müəllimin təəssuratlarını öyrənib.
O, qeyd edib ki, imtahana son gündə hazırlaşmışam:
"6 ildir ki, Lənkəran rayonu Vidadi Qasımov adına Digah kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərirəm. Bu gün keçirilən sertifikasiya imtahanında maksimal nəticə 60 bal toplayaraq uğur qazanmışam.
Ümumi olaraq suallar mənə çox rahat gəldi. Bilmirəm bu mənim imtahana ciddi hazırlaşmağımdan irəli gəlirdi, yoxsa necə, amma sualların səviyyəsi tamamilə normal idi. Çərçivədən kənar heç bir sual olmadı, hər şey proqrama uyğun tərtib olunmuşdu. Bir sözlə, gündəlik dərs deyən, öz üzərində işləyən hər bir müəllimin rahatlıqla yaza biləcəyi suallar idi.
Əlbəttə, imtahana gedərkən hədəfim 60 bal toplamaq idi. Düzdür, tam olaraq bu nəticəni yüz faiz əminliklə gözləmirdim, özüm üçün 1-2 suallıq yanılma payı qoymuşdum. Amma hədəfim yüksək idi. İmtahana tamamilə özüm hazırlaşmışam, heç bir əlavə dəstək almamışam. Hətta mən özüm də müəllimləri bu imtahana hazırlaşdırırdım. Həm ixtisas, həm də tədris metodikası (kurikulum) üzrə öz tərtib etdiyim testlər əsasında, dərsliklərdən və "YouTube"dakı videoizahlardan yararlanaraq hazırlaşmışam".
Gündəlik dərsini deyən, hər gün dərsinə hazırlıqlı gedən müəllim bu imtandan heç vaxt qorxmamalıdır:
"Öz hazırlığıma gəldikdə isə, müdavimlərlə bərabər təxminən 9 ay ərzində prosesin içində idim. Amma öz fərdi təkrarımı sırf son günə saxlamışdım. İl ərzində onsuz da məlumatlı idim, sadəcə son gün vacib qeydlərə və ümumi təkrarlara baxıb imtahana girdim.
Təsviri incəsənət fəninə şagirdlərin marağı məsələsinə gəldik də isə bu gün məktəblərimizdə istedadlı uşaqlar çoxdur. Əsas məsələ bizim o istedadı vaxtında üzə çıxarmağımızdır. Biz də əlimizdən gələni edirik ki, şagirdlərin potensialını reallaşdıraq. Məktəbdə tez-tez əlamətdar günlərə, dövlət təbdirlərinə həsr olunmuş sərgilər, rəsm müsabiqələri keçiririk. Deyə bilərəm ki, son illərdə uşaqların bu fənnə marağı xeyli artıb.
Sertifikasiyanın keçirilməsi çox düzgün və vacib bir addımdır. Bu, həm müəllimlərin öz üzərində işləməsi, həm də onların peşəkarlığının, nüfuzunun artması üçün mühüm amildir. Gündəlik dərsini deyən, hər gün dərsinə hazırlıqlı gedən müəllim bu imtandan heç vaxt qorxmamalıdır. Çünki suallar məktəbdə tədris etdiyimiz mövzular əsasında düşür".
Müəllimlərin hazırlığa getməsinin səbəbi savadsızlıq yox, məsuliyyətdir:
"Cəmiyyətdə bəzən belə bir fikir formalaşır ki, "əgər bir müəllim başqa müəllimin yanına hazırlığa gedirsə, illərdir sinifdə uşaqlara necə dərs keçib?". Mən bu yanaşma ilə razı deyiləm. Mənim yanıma gələn müəllimlərin heç biri savadsız deyil, hamısı çalışan, təcrübəli insanlardır. Onların hazırlığa gəlməsinin səbəbi savadsızlıq yox, məsuliyyətdir.
İnsan tək hazırlaşanda çox vaxt arxayınlaşır, dərsi sonraya saxlayır. Amma bir bələdçi, bir müəllim nəzarətində hazırlaşanda sistemli şəkildə tapşırıqlar olunur, testlər işlənilir və planlı təkrar aparılır. Mən sadəcə onlara yol göstərmişəm. Qazandıqları uğurlar isə sırf onların öz savadının və əməyinin nəticəsidir.
Bu uğurun sirri durmadan öz üzərində çalışmaqdır. Həm müdavimlərlə işləmək, həm də fərdi mütaliə mənə çox kömək etdi. Xüsusilə, gündəlik dərs prosesində istifadə etdiyim metodika və kurikulum qaydaları imtahanda qarşıma çıxan metodiki sualları düzgün cavablandırmağımda böyük rol oynadı.
Həmkarlarıma tövsiyəm odur ki, bu imtahanı gözlərində çox böyütməsinlər. Ona sadəcə bir imtahan kimi yanaşsınlar, öz peşəkarlıqlarına və savadlarına güvənsinlər. Hər birinə uğurlar arzulayıram!".