Azedu.az

Qəbul imtahanlarında fənn sayı 3-ə endirilə bilər? - beynəlxalq TƏCRÜBƏ

Xəbərlər

5 Dekabr 2025, 15:36
Qəbul imtahanlarında fənn sayı 3-ə endirilə bilər? - beynəlxalq TƏCRÜBƏ

Almaniyada universitetə qəbul attestatla aparılır, Kanadada universitetə qəbul buraxılış imtahanı əsasında həyata keçirilir. Finlandiya və Norveçdə qəbul attestat ortalaması ilə müəyyən olunur. Amerikada qəbul adətən 2 fənn üzrə imtahan nəticələrinə əsaslanır. Rusiyada isə qəbul imtahanı 3 fənn üzrə keçirilir. Hər fənnin imtahanı ayrı günlərdə olur, hər imtahan 3-4 saat davam edir və bir imtahanda 15-25 sual olur. Bizdə isə abituriyentlər 5-6 fənn üzrə imtahan verirlər.

Maraqlıdır, ölkəmizdə də imtahan sisteminin dəyişdirilməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib. 

Müsahibimiz qeyd edib ki, Azərbaycanın ali təhsilə qəbul modeli beynəlxalq sistemlərlə müqayisədə daha çox akademik yüklü, daha az ixtisasyönlü və daha çox selektiv xarakter daşıyır:

"Ali məktəblərə qəbul modelinin ölkələr üzrə kəskin fərqlənməsi hər bir dövlətin öz təhsil fəlsəfəsinə, məktəb hazırlıq səviyyəsinə və ali təhsilin strukturuna əsaslanır və bu fərqlər fonunda Azərbaycanın mövcud modelinin yenilənməsi ehtiyacı daha aydın görünür. Hazırkı sistem abituriyentdən 5–6 fənn üzrə imtahan verməyi tələb edir və bu, digər ölkələrlə müqayisədə daha geniş əhatəli qiymətləndirmə mexanizmidir. Dünya təcrübəsi isə göstərir ki, qəbul sisteminin əsas məqsədi bilik yükləməyi deyil, tələbənin seçdiyi ixtisasa uyğun kompetensiya profilini qiymətləndirməyi təmin etməkdir. Məsələn, Almaniyada  (attestat) ortalaması əsas seçim meyarıdır və bu mexanizm məktəb təhsilinin güclü olmasına əsaslanır; Kanadada buraxılış imtahanı ali təhsilə keçidin yeganə şərtidir və yalnız ixtisasa uyğun fənlər üzrə keçirilir; ABŞ-də SAT/ACT kimi imtahanlar əsasən iki istiqaməti – riyazi və verbal düşünmə bacarığını ölçür; Finlandiya və Norveçdə qəbulun 90 faizi məktəb qiymətləərinin orta göstəricisinə əsaslanır; Rusiyada isə üç fənn modeli tətbiq edilir və hər biri ayrıca gün və uzun müddət ərzində keçirilir.

Apardığım bu müqayisə göstərir ki, Azərbaycanın ali təhsilə qəbul modeli beynəlxalq sistemlərlə müqayisədə daha çox akademik yüklü, daha az ixtisasyönlü və daha çox selektiv xarakter daşıyır. Statistik təhlil göstərir ki, abituriyentlərin 42 faizi üç və daha artıq fəndə nisbi zəif nəticə göstərir, lakin seçdiyi ixtisasa uyğun əsas fənlərdə bal səviyyəsi daha yüksək olur. Bu, qiymətləndirmədə fokusun yayılması problemini ortaya çıxarır və vahid imtahanın tələbənin real potensialını tam göstərmədiyini göstərir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsi ali təhsilə qəbulun “obyektiv və şəffaf qiymətləndirmə mexanizmləri” ilə həyata keçirilməsini tələb edir, lakin mexanizmin nə qədər ixtisasyönlü olması qanunda konkret göstərilmir. Bu boşluq islahat üçün hüquqi əsas yaradır və sistemin yenilənməsi üçün struktur baza mövcuddur".

Ali təhsilə qəbulun 5-6 fəndən 2-3 fəndən ibarət olması təhsil sistemində müsbət dəyişikliklər yarada bilər:

"Dünya təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, daha az fənn üzrə imtahan modeli tələbələrin psixoloji yükünü azaldır, məktəblərdə kurikulumun balansını dəstəkləyir və qəbul sistemini daha funksional edir. OECD məlumatına görə, 2–3 fənn üzrə qəbul aparan ölkələrdə abituriyentlərin ali təhsilə adekvat uyğunluğu 18 faiz daha yüksəkdir. Bunun səbəbi ondan ibarətdir ki, fənlərin azaldılması təhsilalanın ixtisas seçimində fokuslaşmanı gücləndirir və ali təhsil müəssisələri üçün daha düzgün tələbə profili formalaşdırır. Azərbaycanın sistemi isə daha geniş imtahan səbəbindən şagirdlərin repetitorluğa yönəlməsini artırır və bu, son 10 ildə illik 150 milyon manata yaxın informal təhsil bazarı yaradır. Bu yük həm ailələr, həm də məktəblər üçün əlavə stress mənbəyinə çevrilir.

Elm və Təhsil Nazirliyinin son illərdə apardığı islahatlar  təhsilalanların nəticələrinə əsaslanan qiymətləndirmə modelinə keçid, sertifikasiya prosesinin yeni strukturu, tam ştatlı müəllim modelinin tətbiqi  göstərir ki, Nazirlik sistemin sadələşdirilmiş, daha funksional və ixtisasyönlü qəbul modelinə keçid üçün konseptual baza formalaşdırır. Nazirliyin yanaşması rasionaldır, çünki qəbul mexanizminin modernləşdirilməsi yalnız abituriyentin deyil, bütövlükdə ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ali təhsilə qəbulun 5–6 fəndən 2–3 fəndən ibarət olması təhsil sistemində müsbət dəyişikliklər yarada bilər: məktəb proqramının yüklənməsi azalacaq, repetitorluğun miqyası daralacaq, ali məktəblərə daxil olan tələbələrin ixtisasa uyğunluğu artacaq və real bacarıqlar önə çıxacaq".

Dəyişməli olan əsas məsələ qəbulun strukturunda ixtisasyönlü yanaşmanın artırılmasıdır:

"Düşünürəm ki, fənn sayının azaldılması qəbul sistemini daha çevik edir, məktəblərdə motivasiyanı yüksəldir və ali təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Sistem sadələşdikcə, məktəb təhsili güclənir və qəbul mexanizmi kurikulumla daha uyğun olur. Bu, həmçinin əmək bazarında ixtisas uyğunsuzluğunun azalmasına da xidmət edə bilər. Azərbaycanda abituriyentlərin 31 faizi universitetdə oxuduğu ixtisası sonradan dəyişir və bu, yanlış ixtisas seçimindən doğan problem kimi qeyd edilir; daha fokuslanmış imtahan sistemi bu göstəricini azaltmağa kömək edər.

Hesab edirəm ki, dəyişməli olan əsas məsələ qəbulun strukturunda ixtisasyönlü yanaşmanın artırılmasıdır. Bu zaman ali təhsilə qəbul yalnız bilik yoxlaması deyil, bacarıq profili ilə bağlı qərar mexanizmi olur. Dünya təcrübəsi göstərir ki, daha az, lakin daha dərin imtahanlar uzunmüddətli nəticələr baxımından daha dayanıqlı model yaradır. Azərbaycanda mövcud situasiya bu dəyişikliyi rasional və zəruri edir və Elm və Təhsil Nazirliyinin islahat kursu da məhz ali təhsilə qəbul sistemində yeni mərhələnin yaxınlaşdığını göstərir".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox