Azedu.az

Ali məktəblərdə semestr imtahanlarını DİM keçirsin - TƏKLİF

Xəbərlər

Universitetlər

5 Dekabr 2025, 13:35
Ali məktəblərdə semestr imtahanlarını DİM keçirsin - TƏKLİF

Semestr imtahanlarının da Dövlət İmtahan Mərkəzi tərəfindən təşkili daha məqsədəuyğun ola bilər. Bu, gələcək kadr hazırlığı istiqamətində müsbət addım kimi qiymətləndirilə bilər.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev söyləyib. 

O, bildirib ki, semestr imtahanlarına müəyyən praktiki tələblər əlavə edilməlidir ki, tələbələr ilin əvvəlindən fənlər üzrə ciddi şəkildə hazırlaşsınlar:

"Ali təhsil müəssisələrində hazırkı vəziyyəti nəzərə alarıqsa, ali təhsil müəssisələrinə qəbul çətindir, oxumaq isə çox asandır. Bu, demək olar ki, təhsili inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə tam tərsdir. Onlarda universitetə qəbul asan, oxumaq və universiteti bitirmək isə çətindir. Bizdə isə universitetə qəbul olmaq çətin, universiteti bitirmək isə çox asandır.

Məhz buna görə də real vəziyyət ondan ibarətdir ki, ali təhsil müəssisəsində oxuyan tələbələrin təxminən 70–80%-i semestr imtahanlarına 2–3 gün qalmış hazırlaşır və imtahanları elə o şəkildə də verirlər. Çünki semestr imtahanları çox asan olur. Ali təhsil müəssisələrində praktiki imtahanlar yoxdur, sadəcə nəzəri biliklər tələb olunur və tələbələr nəzəri biliklər əsasında imtahan verirlər. Təcrübə isə sadəcə bir semestrdir. Ümumilikdə ali təhsil müəssisələrində ciddi çatışmazlıqlar var və bu çatışmazlıqlar aradan qaldırılmalıdır".

Hazırda əksər tələbələr imtahana 2-3 gün qalmış hazırlaşır və yüksək nəticə əldə edir:

"Ali təhsili çətinləşdirmək dedikdə imtahanları ağırlaşdırmaq nəzərdə tutulmur. Məqsəd tələbənin peşəkar bir kadr kimi formalaşmasını təmin etməkdir. Biz əmək bazarı üçün kadr hazırlayırıq. Amma çox təəssüf ki, bu gün ali təhsil müəssisələrini bitirən gənclərimiz əmək bazarında iş tapmaqda ciddi çətinlik çəkirlər. İşəgötürənlər qeyd edirlər ki, bir çox məzunların praktiki bilikləri demək olar ki, yoxdur. 

Düşünürəm ki, ali təhsil müəssisələrində həm praktiki biliklər gücləndirilməli, həm də semestr imtahanlarına müəyyən praktiki tələblər əlavə edilməlidir ki, tələbələr ilin əvvəlindən fənlər üzrə ciddi şəkildə hazırlaşsınlar. Yəni, imtahana 2-3 gün qalmış hazırlaşmaqla uğur qazanmaq mümkün olmasın. Hazırda isə əksər tələbələr məhz belə edir və imtahanları rahat şəkildə verirlər.

Dövlət İmtahan Mərkəzi  adı üzərində  imtahan mərkəzidir. Dövlət daxilində keçirilən imtahanların böyük qismi DİM tərəfindən təşkil olunur və həyata keçirilir. Bu baxımdan düşünürəm ki, semestr imtahanlarının da Dövlət İmtahan Mərkəzi tərəfindən təşkili daha məqsədəuyğun ola bilər. Bu, gələcək kadr hazırlığı istiqamətində müsbət addım kimi qiymətləndirilə bilər".

Semestr imtahanlarına DİM ciddi nəzarət etməlidir:

"Çünki biz dövlət imtahanlarının çətinlik səviyyəsini bilirik və bu çətinlik dərəcəsi ali təhsil müəssisələrinin semestr imtahanlarında da tətbiq oluna bilər. Semestr imtahanlarının müəllimlər tərəfindən təşkil olunmasındansa, Dövlət İmtahan Mərkəzi kimi müstəqil bir qurum tərəfindən keçirilməsi daha doğru görünür. Dövlət İmtahan Mərkəzinin bu imkanı, bacarığı və təcrübəsi mövcuddur və qısa müddətdə səmərəli nəticə verə bilər.

Bu, əlbəttə ki, mənim şəxsi fikrimdir. Hesab edirəm ki, universitetlərdə təhsil prosesi və tədris sistemi möhkəmləndirilməlidir. Bunun üçün semestr imtahanlarının DİM tərəfindən keçirilməsi və ya ən azı onların nəzarətində təşkili ciddi şəkildə müzakirə olunmalıdır.

Hazırda universitetlərdə dərslərin keçirilməsi, praktiki biliklərin verilməsi və kadr hazırlığı sahəsində ciddi çatışmazlıqlar var. Bunların aradan qaldırılması mütləqdir. Çünki biz ölkənin sənayesi və texnologiyası üçün kadr hazırlayırıq. Əgər bu kadr sabah əmək bazarında çətinlik yaşayacaqsa, bu, təhsil sistemində islahatlara ehtiyac olduğunu göstərir. Bu səbəbdən düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin semestr imtahanlarının təşkili prosesinə cəlb edilməsi müəyyən qədər müsbət təsir göstərə bilər".

DTX Əli Kərimliylə bağlı buna icazə verdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox