Azedu.az

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Xəbərlər

Universitetlər

9 Fevral 2026, 11:12
AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə onlayn formatda “İnnovativ kommunikasiya kontekstində dilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, konfransın açılış mərasimində AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxış edərək müasir dövrdə dilçiliyin, xüsusilə də əcnəbi dillərin tədrisinin ali təhsil sistemində artan rolundan bəhs edib. Rektor bildirib ki, qloballaşan dünyada innovativ kommunikasiya bacarıqları mühəndislik, memarlıq və texniki ixtisaslar üzrə təhsil alan gənclər üçün strateji əhəmiyyət daşıyır.

Professor Gülçöhrə Məmmədova AzMİU-da dil tədrisinə xüsusi diqqət yetirildiyini vurğulayaraq qeyd edib ki, universitetdə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. Bu yanaşma tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını asanlaşdırır, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor eyni zamanda müəllim heyətinin də həm ana dili, həm də xarici dillər üzrə bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.

Çıxış zamanı AzMİU-nun bir sıra beynəlxalq tərəfdaş universitetlərlə dil tədrisi sahəsində həyata keçirdiyi birgə layihələrdən, akademik mübadilə proqramlarından söz açılıb. Xüsusilə “British Council” Azərbaycan ilə əməkdaşlıq çərçivəsində icra olunan layihələrin həm tələbələrin, həm də müəllimlərin peşəkar inkişafına və müasir tədris metodlarının tətbiqinə mühüm töhfə verdiyi vurğulanıb.

Konfransda AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, dosent Aygün Məmmədova çıxış edərək kafedranın kadr potensialı, elmi-pedaqoji fəaliyyəti və tətbiq etdiyi innovativ tədris metodikası barədə ətraflı məlumat verib. O, dil tədrisində kommunikativ yanaşma, rəqəmsal resurslardan istifadə və tələbəyönümlü metodların üstünlüklərini qeyd edib.

Daha sonra AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Nigar Aslanova, Azərbaycan Dillər Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Həmidə Əliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Süni intellekt və kompüter dilçiliyi” şöbəsinin baş elmi işçisi dosent Nərmin Əliyeva, Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri dosent Günay Şirəliyeva, Bakı Biznes Universitetinin Dillər kafedrasının müdiri dosent Sevil Qurbanova, Bakı Dövlət Universitetinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Mənsurə Ağayeva və Milli Aviasiya Akademiyasının İngilis dili kafedrasının baş müəllimi Günay Mirzəyeva çıxış edərək müasir dilçilik, süni intellektin dil elminə təsiri, eləcə də əcnəbi dillərin tədrisində aktual metodoloji yanaşmalarla bağlı fikirlərini bölüşüblər.

Plenar iclasdan sonra konfrans öz işini iki bölmə üzrə davam etdirib.

Birinci bölmədə “Müasir dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusu üzrə 8 məruzə, ikinci bölmədə isə “Əcnəbi dillərin müasir tədris metodikasının aktual problemləri” mövzusu üzrə 15 məruzə dinlənilib. Hər iki bölmədən sonra təşkil olunan dəyirmi masalarda səsləndirilən elmi mülahizələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müxtəlif ali təhsil müəssisələrindən olan alimlər və dilçi mütəxəssislər iştirak edərək mövzu ilə bağlı öz elmi yanaşmalarını və təcrübələrini bölüşüblər.

Beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və tədris metodikası sahəsində aktual problemlərin müzakirəsi, elmi əməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların təşviqi baxımından mühüm platforma kimi dəyərləndirilib.

ABŞ İranı Ermənistandan VURACAQ! - Zəngəzura qoşun yığılır?
Son xəbərlərDaha çox