https://www.zirve.edu.az/
02.01.2019 15:12
Doktoranturaya qəbul qaydaları

Azərbaycanda yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır.

AzEdu.az doktoranturaya qəbul qaydalarını təqdim edir:

Doktoranturada təhsil fəlsəfə və elmlər doktoru proqramları üzrə əyani və ya qiyabi formada həyata keçirilir. Dövlət hesabına və ya ödənişli əsaslarla təhsil mümkündür.

Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil müddəti 3, qiyabi 4, dissertantlıq yolu ilə isə 4 ildir. Elmlər doktoru proqramı üzrə isə əyani təhsil müddəti 4, qiyabi və dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda təhsil müddəti uzadıla bilər.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənni, xarici dil (rus dili istisnadır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan verməlidirlər.

Doktorant təhsil müddətində müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli, fərdi iş planını tam yerinə yetirməli, ixtisas fənnindən, informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli, aprobasiya etdirməli, elmi tədqiqat işini bitirməlidir. O cümlədən fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verməlidir. Fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.

Dövlət hesabına əyani təhsil alan doktorantlara təqaüd ödənilir və hər il məzuniyyət verilir.

Doktorant məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir.

Elmlər doktoru dərəcəsinə isə “Fəlsəfə doktoru” elmi dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları