Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 12:24:42
Azərbaycanda oğlanların tibbə marağı niyə azdır? - İşsizlik qorxusu, yoxsa “prokuror olmaq” sevdası?

Son illərdə Azərbaycanda tibb təhsili alanlar arasında oğlanların sayı azalmaqdadır.

Tibb Universitetinin tələbələrinin çoxu qızlardır. Statistik məlumatlara əsasən, ali məktəbin tələbə heyətinin 70 faizini xanımlar təşkil edir.

Tibb təhsili sahəsində yaşanan bu gender probleminin gələcəkdə nə kimi fəsadları ola bilər?

Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi, gender məsələləri üzrə ekspert, filologiya elmləri namizədi Təranə Mahmudova AzEDU-ya Azərbaycanda bu gender problemini araşdıracaq qurumların olmadığını bildirib:

“Bunu aradan qaldırmaq üçün öncə təbliğat işi aparılmalıdır. Bu, yalnız tibbin problemi deyil. Təəssüf ki, digər sahələrdə də eyni hal müşahidə edilir. Əsas problem isə odur ki, oğlanlar elmdə perspektiv görmürlər.

Ümumiyyətlə, gərək, hər sahədə ciddi elmi-sosioloji araşdırma aparılsın. Cəmiyyətlə bağlı belə məsələləri  aydınlaşdıracaq sosioloji qruplar olmalıdır. Təəssüf ki, Azərbaycanda bu yoxdur. Varsa da, biz onların heç bir hesabatını görmürük. Məsələn, bu yaxınlarda bildirildi ki, intihar edənlərin əksəriyyəti spirtli içki aludəçiləridir. Axı bu, düzgün yanaşma deyil! Ümumiyyətlə, bu məsələ araşdırılıb, ya sadəcə ehtimaldır? Yəni, Azərbaycanda belə sosial araşdırmaları aparacaq təşkilatlar yox dərəcəsindədir. Eyni hal bu məsələdə də baş verir. Belə qurumların yaradılmasına həm də Təhsil Nazirliyi təşəbbüs göstərməlidir. Düzdür, qeyd etməliyəm ki, müəyyən addımlar atılıb. Məsələn, magistraturaya qəbul olan oğlanların əsgərlik möhlətinin uzadılmasını misal göstərmək olar. Bunun nəticəsində magistraturada oğlanların sayı az da olsa artdı”.

O, Tibb Universiteti tələbələri arasında oğlanların sayının azlığının səbəblərini izah edib:

“Tibb Universitetində müəyyən çətinliklərin olması, təhsilin uzun müddətliliyi burada oğlanların sayının azalmasına təsir göstərir. Belə bir maraqlı stereotip də var: Uşaqkən hansı qızdan soruşsan, gələcəkdə həkim olmaq istədiyini deyir, oğlanlar isə prokuror. Amma prioritetlərin dəyişməsi ilə əlaqədar indi oğlanlar daha çox biznesə və kompüter elmlərinə üstünlük verirlər. Çünki gələcək maddi təminatı nəzərə alsaq, bu sahələr daha perspektivli görünür. Oğlanların çoxu gələcəkdə həkim olub iş tapa bilməyəcəyindən qorxur. Bu da Tibb Universitetində onların sayının azalmasına səbəb ola bilər. Ümumiyyətlə, oğlanlarda texniki fənnlərlə maraq zəifləyib.

Oğlanların tibbi seçməməsində təbii ki, ailələrin də təsiri olur. Ümumiyyətlə, Azərbaycanda çox ailələr uşaqlarının bütün seçimlərinə qarışırlar. Təəssüf ki, bu, uşaqlıqla bitmir, yeniyetmə və gənclik dövrlərində də davam edir. Hətta ailə qurmasına da qarışırlar.  Uşaqlara öz istədiyini seçmək, istəyinin ardınca getmək vərdişləri aşılanmalıdır”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları