Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 11:17:02
Bilik Fondu gəncləri Quba Soyqırımı Memorial Kompleksinə apardı

 

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, martın 28-də gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.

Fonddan Trend-ə verilən məlumata görə, Prezident yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən səfərə Fondun “Tariximizi öyrənək və öyrədək”, "Diplomatlar" klublarının üzvləri, təcrübəçı tələbələr, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin təmsilçiləri və yerli gənclər cəlb olunublar.

Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" devizi altında baş tutan səfərdə Memorial Kompleksin bələdçisi ziyarətçilərə məlumat verərək bildirib ki, 1918-ci ildə ermənilərin törətdiyi soyqırım faktı tarixdən bəlli olsa da, məzarlıq 2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən aşkar edilib. Qubada tapılan kütləvi məzarlığın ermənilərin 100 il əvvəl törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.

Gənclərə 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında imzaladığı Sərəncam barəsində məlumat verilib və vurğulanıb ki, sənəd erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Ziyarətdən sonra Kompleksin Muzeyində “Azərbaycanlıların soyqırımı: tarix və bu gün” mövzusunda "dəyirmi masa" keçirilib.