Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 11:26:32
Pedaqoji şura iclasları davam edir  

2023-2024-cü tədris ili üzrə I yarımilin yekunları və II yarımilə hazırlıqla əlaqədar ümumi təhsil müəssisələrində Pedaqoji şuraların iclasları davam edir.

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, iclasların keçirilməsində əsas məqsəd I yarımilə dair fəaliyyəti bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir. Pedaqoji şuraların toplantılarında məktəb direktorları, müavinlər və psixoloqların məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

 

İclaslarda I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdə sağlam, təhlükəsiz mühitin yaradılması, uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, Azərbaycan dili fənni üzrə keçirilən monitorinqlərin nəticələri, dərsə davamiyyət, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir. Müəllimləri maraqlandıran suallar cavablandırılır. Pedaqoji şura iclaslarında, həmçinin fəaliyyətində fərqlənən müəllimlər Fəxri fərman və təşəkkürnamə ilə təltif olunur.

 

Qeyd edək ki, Pedaqoji şura iclasları pedaqoji kollektivin hər bir üzvünü təhsil müəssisələrinin idarəolunmasına cəlb etməklə, qarşıda duran aktual məsələlər barədə kollegial qərarların qəbul olunmasına imkan verir.