Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-13 14:16:00
Magistratura elmin arxasınca getməyənlər üçün vaxt itkisidir ! - TƏNQİD

Ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. Əyani və qiyabi formasından asılı olaraq magistr təhsili minimum 2 il müddətində tədris olunur.

 

 Bəzən tələbələr sadəcə bakalavr təhsili almaqla kifayətlənirlər. Magistratura təhsilinin bakalavr təhsilindən fərqlənmədiyini bildirən məzunlar, təhsillərini davam etmək üçün xaricə üz tuturlar.

 

Bəs həqiqətən də Azərbaycanda magistratura ilə bakalavr təhsili arasında fərq yoxdur?

 

Məsələ ilə bağlı təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlamasında bildirib ki, magistratura  ilə bakalavr təhsil səviyyəsinin məqsədləri arasında fərq “Təhsil haqqında”qanunda öz əksini tapıb:

 

“Bakalavr ali təhsilin ilkin səviyyəsidir. İstər bakalavr təhsili, istərsə də  magistratura təhsil səviyyəsinin tələbələr üçün məqsədləri ayrıdır. Bu müvafiq təhsil qanunvericiliyində də öz əksini tapıb. Buna görə də hər iki təhsil pilləsinə eyni cür baxmaq yanlışdır. Ümumiyyətlə magistraturaya sənəd verən tələbələr ciddi tədqiqat mövzusudur. Aparılan təqdiqatlar nəticəsində məlum olur ki, oğlanların bəziləri hərbi xidmətdən 2 il möhlət almaq üçün magistr təhsili alırlar. Bəzi tələbələr üçün də bu təhsil dəb xarakteri daşıyır. Buna baxmayaraq yüksək ali təhsil hüququna malik olmaq üçün magistratura təhsil səviyyəsinə üstünlük verənlərin sayı da az deyil ”.

 

Ekspert vurğulayıb ki, magistratura təhsilinin məqsədi tələbələrə düzgün şəkildə çatdırılmır:

 

“Magistratura pilləsi elmə açılan bir pəncərədir. Elmə açılan bu pəncərədən keçməklə elm camiyəsinə daxil olmaq mümkündür. Bu baxımdan magistratura təhsil səviyyəsinin məqsədini cəmiyyətə Kütəvi İnformasiya Vasitələrinə düzgün şəkildə çatdırmaq lazımdır. Gənclər bu gün bilməlidirlər ki, magistratura hərbi xidmət üçün möhlət hüququ daşımır. Magistratura elmin bir qapısıdır və həmin qapıdan keçib elmə daxil olmaq mümkündür”.

 

E.Hacıyev azərbaycanlıların magistratura təhsili almaq üçün niyə görə xaricə üz tutduğuna aydınlıq gətirib:

 

“Magistratura təhsil səviyyəsində verilən bilik və bacarıq bəzən əmək bazarının tələbləri ilə ayaqlaşmır. Buna görə də tələbələr 2 ili daha səmərəli keçirmək üçün xaricdə təhsil almağa üz tuturlar. Azərbaycanda magistratura səviyyəsində verilən bilik və bacarıqları əmək bazarının tələbləri ilə uyğunlaşdırmaq lazımdır”.

 

 

Müsahibimiz elmi istiqamətdə irəliləmək istəməyənlər üçün magistr təhsilinin vaxt itkisi olduğunu vurğulayıb:

 

“Hər kəsin magistratura təhsil alması ilə bağlı  tələb yoxdur. Kimlər ki, elmi istiqamətdə üstünlük əldə etmək istəyir, o zaman həmin şəxslərə magistr təhsili vacibdir. Elmin arxasınca getməyənlər üçün bu vaxt itkisi olacaq”.

 

Esmira Əliyeva