Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 16:20:27
MİQ-də vakansiya seçimi BAŞLAYIR

Məlum olduğu kimi, 11-15 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları yekunlaşıb. Nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Elm və Təhsil Nazirliyi bildirib ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub. 

Qeyd edək ki, imtahan balları hesablanarkən həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurulub.

Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanıb. Həmin müəllim 5 il və daha artıq müddətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanıb.


Test imtahanı mərhələsində keçid balını (40) toplamış namizədlər vakansiya seçimi mərhələsinə buraxılıblar.

AzEdu.az saytının Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, növbəti həftə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə start veriləcək.

Vakansiya seçiminə buraxılan namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.


Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.


Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək. Şəhid ailəsinin üzvü olan şəxs qeydiyyatdan keçərkən tələb olunan sənədləri - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədin və ya vəsiqənin surətini, həmçinin şəhid ailəsinin üzvü olduğunu təsdiq edən doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətini vahid bir faylda toplayaraq pdf variantda müvafiq xanaya yükləməlidir.


Vakansiya seçimi yekunlaşandan sonra müsabiqənin sonuncu mərhələsi olan müsahibələr keçiriləcək. Vakansiya seçimində uğur qazanmış namizədlərin müsahibə zamanı peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. 

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.


No description available.

A.Qorxmaz