https://www.zirve.edu.az/
18.03.2018 06:38
DİM-in 2018-ci ildə keçirəcəyi imtahan vaxtları məlum oldu

AzEdu.az Dövlət İmtahan Mərkəzinin 2018-ci ildə keçirəcəyi imtahan tarixlərini təqdim edir.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının  1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.

Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər  üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də baş tutacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar  kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur.