Azedu.az

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Ali təhsil

23 Sentyabr 2026, 12:07
BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Bakı Mühəndislik Universiteti (BMU) Riyaziyyat və kompüter elmləri kafedrası alimlərinin həmmüəllifi olduğu “Theory of Probability and Statistics: Solved Problems and Exercises” (“Ehtimal nəzəriyyəsi və statistika: həll edilmiş məsələlər və çalışmalar”) adlı kitab dünyanın aparıcı elmi nəşriyyatlarından olan “Elsevier” tərəfindən nəşrə hazırlanıb. Kitabın müəllifləri kafedranın müdiri, professor Rakib Əfəndiyev, dosent Hümbət Əliyev və Hindistanın Anand Beynəlxalq Mühəndislik Kollecinin professoru Praveen Agarvaldır. “Elsevier”in rəsmi məlumatına görə, kitabın birinci nəşrinin 1 aprel 2027-ci ildə çapdan çıxması nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bakalavr və magistr tələbələri üçün nəzərdə tutulan kitab ehtimal nəzəriyyəsi və statistikanın əsas anlayışlarını nəzəri və praktiki yanaşma əsasında təqdim edir. Nəşrdə məlumatların təşkili və təsviri, ehtimal nəzəriyyəsi, diskret və kəsilməz təsadüfi dəyişənlər, ehtimal paylanmaları, seçmə paylanmaları, interval qiymətləndirilməsi, statistik hipotezlərin yoxlanılması, qeyri-parametrik testlər və sadə xətti reqressiya kimi mövzular əhatə olunur.

Kitabın əsas xüsusiyyətlərindən biri nəzəri biliklərin həll edilmiş məsələlər və çalışmalarla əlaqələndirilməsidir. Müəlliflər mövzuların daha yaxşı mənimsənilməsi üçün nəzəri izahlarla yanaşı, addım-addım həll nümunələri və praktiki çalışmalar təqdim edirlər. Elsevier tərəfindən kitab üçün müəllim vəsaiti, məlumat dəstləri və interaktiv onlayn resursların da təqdim olunması nəzərdə tutulur. Kitab haqqında ətraflı məlumat nəşriyyatın rəsmi səhifəsində (//shop.elsevier.com/books/theory-of-probability-and-statistics/aliyev/978-0-443-49385-0) yerləşdirilib.

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox