https://www.zirve.edu.az/
17.03.2018 07:15
Məktəblərdə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə müsabiqə keçirilir

Bakıda ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz  əbədidir” mövzusunda  inşa yazı müsabiqəsi keçirilir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan AzEdu.az-a verilən məlumata görə, idarənin tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir. 

Azərbaycan və rus dillərində keçirilən inşa yazı müsabiqəsi iki mərhələdən ibarətdir.

Müsabiqənin I mərhələsi 15 mart-16 aprel tarixlərində  təşkil olunur. Məktəbdaxili yarışmada hər məktəb üzrə Azərbaycan və rus bölmələrindən yalnız birinci yeri tutmuş şagirdlər II mərhələdə iştirak edəcək. İnşa yazı müsabiqəsinin II mərhələsi isə  20-25 aprel tarixlərində baş tutacaq.

Müsabiqənin əsasnaməsinə uyğun olaraq, mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın şəkildə ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin  yazı qaydalarına riayət etməklə tərtib olunması əsas meyarlardır. Qeyd edək ki, inşa yazıların həcmi 250-300 sözdən ibarət olmalıdır. 

“Müstəqilliyimiz  əbədidir” mövzusunda  inşa yazı müsabiqəsinin qalibləri 5 ballıq sistem ilə qiymətləndiriləcək.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.