Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 17:25:00
Gəncədə yaşayır, Bərdədə işləyir, Lənkəranda oxuyur - “Fədakar müəllim”lə MÜSAHİBƏ 

Azərbaycanda peşə fəaliyyətini yerinə yetirmək üçün uzun yollar qət edən, dərs dediyi məktəbə getmək üçün hər cür çətinliklərə sinə gərən müəllimlər var. 

 

AzEdu saytı həmin fədakar və zəhmətkeş müəllimləri ictimaiyyətə tanıtmaq üçün onlarla silsilə müsahiblər hazırlayır.

 

Bu dəfə haqqında bəhs etdiyimiz müəllim Gəncədə yaşayır, Bərdədə dərs deyir və Lənkəranda magistr təhsili alır.  

 

AzEdu.az-ın "Fədakar müəllim" layihəsinin növbəti qonağı 24 yaşlı Aysun Məsimovadır.  

 

- Aysun müəllimə, sizi oxucularımıza necə təqdim edək?

 

- Mən - Məsimova Aysun Malik qızı... 18 noyabr 1999-cu il tarixində Gəncə şəhərində anadan olmuşam. Şəhərimizdə Puşkin adına 9 saylı tam orta məktəbdə təhsil almışam. Məktəbi 2016-cı ildə əla qiymətlərlə bitirmişəm. Elə həmin il də Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin kimya-biologiya müəllimliyi ixtisasına ödənişsiz əsaslarla qəbul olunmuşam. Tələbəlik həyatım çox fəal keçib. Bir çox təşkilatların aktiv üzvü olmaqla yanaşı, həm də rəhbər idim. 2021-ci ildə 92 bal ortalaması ilə bakalavr pilləsini bitirdim. Elə həmin il də Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində və magistraturaya qəbul imtahanlarında iştirak etdim, müvafiq balı yığaraq növbəti mərhələyə keçdim. Magistratura pilləsi üçün isə Lənkəran Dövlət Universitetinə qəbul olunmuşdum.

 

 - Hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

- 2021-ci ildə MİQ müsahibəsində uğur qazanaraq Bərdə rayonu Məmmədli kənd məktəbinə təyinat aldım. 11 saat dərsim var. V, VII, VIII, IX və XI siniflərə kimya və təbiət fənnini tədris edirəm.

 

- Kənd məktəbində işləmək sizdə hansı təəssüratlar doğurur?

 

- Ucqar kənddə müəllim kimi fəaliyyət göstərmək uşaqlıqdan arzum olub. Şəhərdə yaşadığım üçün kənd həyatı mənə hər zaman maraqlı gəlirdi. İş həyatıma ordan başlamaq çətin və zəhmətli gəlsə də, bu mənim üçün maraqlı və fərqli bir təcrübə oldu.

 

- Məktəbi dəyişmək haqqında düşünmüsünüz?

 

- İşə başlamadan məktəbə tanış olmaq məqsədi ilə getdiyim zaman yol mənə çox çətin gəlmişdi. Fikirləşirdim ki, bir az işlədikdən sonra iş yerimi dəyişərəm. Lakin sentyabrda dərs başladı və mən şagirdlərlə, kollektivlə tanış oldum, beləliklə, bu fikrimdən daşındım. Şagirdlərimi çox sevirəm. Onlara və məktəbə olan doğmalıq hissim məktəbi dəyişmək istəyimə hər zaman mane olub.

 

Açıklama yok.

 

- Bəs bu yolu gedib-gəlmək sizə çətin olmur?

 
- Artıq 2-ci ilimdir ki, o yolu gedib-gəlirəm. Demək olar ki, artıq öyrəşmişəm. Səhər saat 6-da digər müəllim yoldaşlarımızla birlikdə Gəncədən yola düşürük. Qayıdanda da axşam saat 5-də evə çatmış oluruq. Həftənin iki günü gedib-gəlmək üçün 35 manat xərcim çıxır.

 

- İşinizə ailənizin münasibəti necədir?

 

- Təbii ki, onlar istəyərlər ki, daha yaxında işləyim. Çünki yolun uzaqlığı qış aylarında daha çox narahat edir, problemlər yaradır. Bunlara baxmayaraq, “hər işin çətinliyi var” deyib onları razı salmışam və mənim istəyimə hörmət edirlər.

 

- Bəs peşənizi dəişmək necə, bu, fikrinizdən keçib?

 

- Müəllimlik peşəsini dəyişmək istəməmişəm. Çünki bu peşəni sevərək icra edirəm. Öyrənməyi də, öyrətməyi də sevirəm. Hər dəfə işə gedib-gəldikdə yolda maraqlı nələrsə olur. Hətta deyim ki, yolda tülkü, çaqqal kimi vəhşi heyvanları görmək imkanımız da olub. Son dəfə getdiyimizdə mal-qara sürüsünün arasına düşdük və bir neçə dəqiqə hərəkətsiz gozləməli olduq. İribuynuzlu heyvanlar biz oldugumuz maşını silkələyirdi.

 

Açıklama yok.


 - Qeyd etdiniz ki, Bərdədə işlədiyiniz müddətdə, eyni zamanda Lənkəranda magistratura pilləsi üzrə təhsil almısınız. Necə çatdırırdınız?

 

- Bəli, bu il magistratura təhsilimdə sonuncu ilim idi, bitirdim artıq. Hər kəs mənə bunları edə bilməyəcəyimi deyirdi, lakin bacardım. Lənkəran Dövlət Universitetinin biologiyanın tədrisi metodikası və metodologiyası ixtisasına qəbul olunmuşdum. Yaşadığım yer Gəncə, işə qəbul olunduğum yer Bərdə, oxuduğum yer isə Lənkərandır. Həftənin 3 günü Lənkəranda magistr dərsləri alırdım, həftənin 2 günü isə Bərdədə işdə olurdum. 2-ci gün işdən çıxıb gecə Lənkərana gedirdim və səhər universitetdə dərsdə olurdum.


Buna universitet dekanım belə təəccüblənirdi. Amma mən bacardım, artıq müdafiə ərəfəsindəyəm. İnsan istərsə, hər şey mümkündür.