Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 11:36:00
Məşhur kafedra müdiri xəstəxanaya YERLƏŞDİRİLDİ 

Bakı Metropoliteninin sabiq rəisi, Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədovun səhhəti pisləşib.

AzEdu.az xəbər verir ki, T.Əhmədov hazırda "Bona Dea" klinikasında müalicə alır.

T.Əhmədovun həyat yoldaşı Salatın Əhmədova xəbəri “Unikal.org”a təsdiqləyib.

"Tağının vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirmişik. Hələ ki əməliyyat olunmayıb, ancaq müalicə olunur. Həkimlər deyir ki, inşallah yaxşı olar. Allah cavanlara can sağlığı versin", - deyə S.Əhmədova bildirib.

Qeyd edək ki, Tağı Əhmədovun ayaqları 2 ildir  tutulub, yaxşı yeriyə bilmir. Həkimlər ona onurğa-beyin iltihabı diaqnozu qoyublar.

T.Əhmədov 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib. 

1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışan T.Əhmədov 27 fevral 2014 tarixində işdən çıxarılıb.

Bakı Metropolitenindəki rəhbər vəzifəni itirəndən sonra Tağı Əhmədov uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri vəzifəsini icra edib.

YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında bu vəzifədən də azad edilib. Əvəzində YAP onu partiyanın Veteranlar Şurasına üzv seçib.

Amma Tağı müəllim hazırda işsiz də deyil. O, 2016-cı ildən ta bu günə kimi Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutur. Universitetin dosenti olan Tağı Əhmədov həm də Tunellər və metropolitenlər, Avtomobil yolları, Nəqliyyat yollarında körpü və qurğular adlı 3 fəndən dərs deyir.

Texnika elmləri namizədi alimlik dərəcəsi olan Tağı Əhmədov 2 dərslik və 5 dərs vəsaiti, 6 metodik vəsaitin müəllifidir.

Tağı Əhmədov “Əməkdar mühəndis” fəxri adı, “Şöhrət” ordeni ilə təltif olunub. Bundan başqa ona “Fəxri dəmiryolçu”, “Bakı meropoliteni veteranı” döş nişanları da verilib.


Tağı Əhmədovun adı dəfələrlə məhkəmə qalmaqallarında hallanıb.

Məsələn, 2014-cü ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat pulu hədə-qorxu yolu ilə aldığı sonradan “MTN işi” məhkəməsində ictimaiyyətə məlum olmuşdu. 2017-ci ildə bu iş üzrə məhkəmə qərarı elan olunanda Tağı Əhmədov zərərçəkmiş qismində tanınmadığından ona vurulan maddi ziyan da ödənilmədi.

2016-cı ildə manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılmışdı.

2020-ci ilin sonlarında mətbuat Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan 3 nəfərin cinayət işi üzrə məhkəmə işindən yazırdı.

Yəqin Tağı müəllimin ədəbiyyat həvəskarı, şeir yazması barədə də məlumatı olanlar var.

O,  Tağı Sadiq imzası ilə şeirlər yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...

Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.