Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 15:30:00
Universitetlərdə imtahan sessiyası ləğv edilə bilməz-DEPUTAT

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı qeyd edib ki, “bizim əsas hədəfimiz UNEC-də imtahan sessiyalarının mərhələli şəkildə ləğvidir”.

 

Bəs universitetlərdə imtahan sesiasının ləğvi doğru addım hesab edilirmi? Digər universitetlər də bu metoda keçməlidirmi? İmtahan sessiyası  ləğv edilərsə, tələbələrin bilik və bacarıqları hansı metodla qiymətləndirilə bilər?

 

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında tələbənin bilik və bacarıqlarını qiymətləndirmək üçün imtahan sessiyasını vacib hesab edir:

 

“Bunun Ədalət Muradovun şəxsi fikri olduğunu hesab edirəm. Hansısa bir konkret metod müəyyən olunsa, onun üzərində çalışmaq olar. Bu gün dünyanın bütün ölkələrində imtahan sessiyası keçirilir. Tələbənin fənni hansı formada mənimsədiyini öyrənmək üçün imtahan sessiyası vacib hesab olunur.Tələbənin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə konkret bir metod tərtib edilərsə, ona baxıla bilər.

 

Bu gün ölkə universitetlərində imtahan sessiyası böyük önəm daşıyır. İmtahan olmadan tələbənin bilik və bacarıqlarını yoxlaya bilmərik. Azərbaycan reallığı belədir ki, bizim tələbələr imtahanı keçmək məqsədi ilə dərs oxuyur. Biz gələcəkdə elə bir ab-hava yaratmalıyıq ki, tələbələr özləri oxumaqa həvəslənsinlər. O zaman bu barədə danışmaq mümkündür”.

 

Millət vəkili onu da qeyd edib ki, bizim universitetlərimizdə hələ təhsil mühiti tam olaraq formalaşdırılmayıb:

 

“Universitetlərimizdə müəyyən problemlər müşahidə edirik. Rüşvət kimi neqativ problemləri aradan qadırmışıq. Buna baxamayaq bəzi bölgə universitetlərində bu hal hələ də müşahidə olunur. Bir neçə gün öncə Gəncədə baş verən hadisə buna misaldır. Dərsliklə, müəllimlərin bilik və bacarıqları və proqramla bağlı problemlər hələ qalmaqdadır.

 

Azərbaycan təhsil sistemində hazırda həllini gözləyən çox sayda problem var. Təəssüf ki, bunların böyük əksəriyyəti həllini tam tapmır. Bizim gənclərimizin bir hissəsi iş tapmaqda çətinlik çəkir. Bu o mənanı daşımır ki, ölkədə iş yoxdur, bu gün istənilən şirkətə müraciət etsək, görərik ki, peşəkar işçi axtarılır. Hesab edirəm ki, bu məsələdə biz tələsə bilmərik. Öncə keyfiyyət, məzmun və yanaşma dəyişməlidir”.