Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-30 13:19:00
Bu sahələrdə magistr hazırlığı üçün mütəxəssislərimiz çatışmır-CİDDİ PROBLEM

 

 Hazırda ölkəmizdə bir çox tələbə magistratura səviyyəsi  üzrə təhsili almaq istəmir. Onların çoxu magistraturada təhsilin kifayət qədər yaxşı verilməməsindən narazı olub xarici ölkələrə üz tutur.

 

 

Ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli AzEdu.az-a açıqlamasında bildirib ki, ölkəmizdə magistratura üzrə təhsildə yetəri qədər bilik verilmir:

 

“Universitetlərimizdə çağdaş dünyanın tələblərinə görə proqram və sillabuslar hazırlanmır. Azərbaycan təhsil sistemində “ADA” Universiteti istisna olmaqla əksər universitetlərimizdə magistratura proqramlarının beynəlxalq akkreditasiyalarının olmaması onların gələcəyini və təhsilin keyfiyyətini mütləq dərəcədə aşağı salır.

 

Ona görə də əksər gənclərimiz Avropa ölkələrində təhsil almağa üstünlük verirlər. Burada təkcə keyfiyyət yox, həm də obyektiv və subyektiv səbəblər var. Başqa bir faktor odur ki, insan kənardakının hər zaman daha yaxşı və keyfiyyətli olduğunu düşünür. Digər səbəblər isə təbii ki, dil öyrənmək və iş imkanlarıdır”.

 

Ekspert həmçinin,  Azərbaycanda bu istiqamətdə kifayət qədər mütəxəssisin olmadığını da bildirir:

 

“Bu gün xaricdə magistratura təhsili almaq istəyən gənclərimizin çoxu İKT sahəsinə üstünlük verir.

 

Azərbaycanda bu sahə üzrə tələbələri öyrədə biləcək kifayət qədər mütəxəssis yoxdur. Bu, ciddi bir problemdir. Yaxınlarda bu barədə araşdırma etmişdim. Ali Attestasiya Komissiyasının rəsmi rəqəmlərinə əsasən, Azərbaycanda kompüter elmləri üzrə cəmi 7, informasiya texnologiyaları üzrə isə 1 nəfər elmlər doktorumuz var. Bəlkə də deyə bilərsiniz ki, “bu sahələr üzrə elmi dərəcə nəyə lazımdır?

 

Ancaq hər halda universitetlərimizdə o ixtisaslar üzrə tələbələrimizi yetişdirəcək şəxslər məhz onlardır. Onların da əksəriyyəti yaşlıdır və bugünkü günün tələblərinə necə və nə dərəcədə cavab verirlər bu isə sual altındadır”.