https://modern.az/ #
2022-12-02 16:45:00
Tənəffüs müddəti necə tənzimlənməlidir?-“Şagird sayı əsas götürülməlidir”

 

“Şagird sayı az olan məktəblərdə tənəffüs müddətinin uzadılması müzakirə mövzusu olmamalıdır”.

 

Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı məktəblərdə tənəffüs müddətinin tənzimlənməsinə diqqət çəkib:

 

Nazir,-“Bu məsələdə məktəb və valideynlərin iştirakı ilə qərar qəbul edilməlidir. Buna etirazımız yoxdur. Tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin məktəbdə qalma müddətinin uzanması ilə bağlıdır. Çünki tənəffüs müddəti uzadılsa, avtomatik olaraq, ikinci növbədə oxuyan şagirdlər evə daha gec saatda gedəcəklər”-deyə, bildirib.

 

Bəs məktəblərdə tənəffüs müddəti uzadıla bilərmi? Məktəb direktorunun tənəffüs müddətini təyin etmək səlahiyyəti varmı?

 

Təlimçi, təhsil eksperti Elnur Hacıyev mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında tənəffüs müddətini təyin etməyin direktorun vəzifə və öhdəliklərinə daxil olmadığını bildirib:

 

“Məktəb direktorunun vəzifə və funksiyaları vahid tarif cədvəlində əks olunub. Sənəd ilə müəyyən qədər tanışam, amma belə bir maddə görməmişəm. Pedaqoji şuranın və kollektivin birgə qərarından məsələyə münasibət bildirmək mümkündür. Fasilənin neçə dəqiqə olması ilə bağlı isə hər hansı qərar görməmişəm. Ümumilikdə məktəblərdə böyük və kiçik tənəffüs müddəti olur. Demək olar ki, məktəblərin hamısında bu qayda əsas götürülüb”.

 

“Tənəffüs müddəti məktəbdəki şagird sayına uyğun olaraq dəyişməlidir”.

 

“Tənəffüs müddəti məktəbin infrastrukturuna, böyüklüyünə, bufetin və sanitar qovuşağın məsafəsinə əsasən nizamlanmalıdır. Cənab nazirin fikirinin məntiqli olduğunu düşünürəm ki, bu hər bir məktəb üçün individual olmalıdır. Şagird sayı az olan məktəbdə tənəffüs az olsa belə, şagirdlər o aralıqda müəyyən ehtiyaclarını ödəyə bilər. Şagird sayı çox olan məktəbdə şagirdin yemək və digər ehtiyacını ödəməsi nəzərə alınaraq müddət uzadıla bilər”.

 

Ekspert pedaqoji şuranın nazirin fikirlərini əsas götürərək qərar verməli olduğunu söyləyib:

 

“Məktəb direktorunun tənəffüs müddətini nizamlaya bilməsi üçün vəzifə və öhdəliyi yoxdur. Direktor hüquqi şəxsdir, məktəbi təmsil edir. Pedaqoji şura dəvət edib, tənəffüs müddətinin kifayət etmədiyini əsaslandırmaq şərti ilə məsələni müzakirəyə qoya bilər”.

 

“Tənəffüs müddətinin çox olması şagirdlərin xeyrinə ola bilər. Belə bir problem var ki, iki növbəli məktəblərdə tənəffüs müddəti uzadılsa, ilk növbə gec bitəcək və digər növbə dərsi gecikəcək. Bu da digər problemlərə səbəb ola bilər. Məsələni pedoqoji şura və kollektiv müzkirə etməlidir. Hər bir məktəbin ehtiyacına uyğun olaraq tənəffüs müddətini təyin etməsi daha doğru olar”-deyə, ekspert bildirib.