Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-30 15:53:00
Tələbələrimizin məhrum olduğu güzəşt və endirimlər – “Hamısı bir kartda olmalıdır”

 

 

“Tələbə bileti  sadəcə universitetə giriş üçün istifadə edilməməlidir. Tələbəyə bu onun vasitəsilə müəyyən endirimlərdən yararlanmaq imkanı yaradılmalıdır”

 

Zaman-zaman ölkəmizdə tələbələr üçün müəyyən güzəştlərin nəzərdə tutulması ilə bağlı təkliflər irəli sürülür.

 

Ölkədə tələbə yataqxanalarının çatışmazlığı, kirayə ev qiymətinin yüksək olması, ərzaq qiymətlərinin günü-gündən qalxması,  ictimai nəqliyyatdan istifadənin də məbləğinin artırılması üçün müraciət olunması kimi məsələləri nəzərə alaraq, tələbələr üçün müxtəlif güzəştlərin tətbiqininin artıq zəruri olduğunu deyə bilərik.

 

Qonşu ölkələrdə təhsilalanlar üçün bir sıra güzəştlər həyata keçirilir. Məsələn, Türkiyənin iri şəhərlərində təhsilalanlara ictimai nəqliyyatda endirim kartları verilir. Bəzi ölkələrdə təhsilalanlar bir sıra xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

 

Ümumilikdə Azərbaycanda təhsilalanlar üçün nə kimi güzəştlərin tətbiqi zəruridir?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev bu kimi güzəştlərin əcnəbi tələbələrin də ölkəyə cəlbinə müsbət təsir edəcəyini bildirib:

 

“Türkiyə və digər qonşu ölkələrimizdə tələbələr üçün müəyyən güzəştlər təbiq edilir. Məsələn, Estoniyada bir çox dövlət xidmətləri tələbələr üçün ödənişsizdir. Amma təəssüf ki, bizdə bu kimi hallara çox da rast gəlinmir. Məsələn, ictimai nəqliyyatda tələbələr və əhalinin sosial baxımdan həssas təbəqəsi üçün endirimlər və müxtəlif güzəşt paketləri birmənalı şəkildə nəzərdə tutulmalıdır. Ölkəmizdə tələbələr üçün müəyyən güzəştlərin tətbiq edilməsi xarici tələbələrin yerli ali təhsil müəssisələrinə cəlbi baxımından da müsbət nəticə verəcək. Azərbaycanda ali təhsilin keyfiyyətinin ürəkaçan olmaması sirr deyil. Ən azından, müəyyən güzəştlərin nəzərdə tutulması əcnəbi tələbələrin diqqətini çəkə və təhsil üçün bizim universitetləri seçmələrinə təkan verə bilər”.

 

Mütəxəssis bu istiqamətdə öz təkliflərini açıqlayaraq, tələbə kartlarının istifadəsindın söz açıb:

 

“Məsələn, tələbə kartı sadəcə universitetə giriş üçün istifadə edilməməlidir.Bu kart bir çox funksiyaya sahib ola bilər. Nümunə olaraq, tələbə bu kart vasitəsilə ictimai nəqliyyatdan daha aşağı qiymətə istifadə edə, yemək və digər alış-verişlərdən endirimli şəkildə yararlana bilməlidir. Həmçinin, bu kart ona istədiyi tarixi məkan və muzeylərə də endirimlə giriş imkanı üçün istifadə imkanı yaratmalıdır”.