Artıq payız fəslinə daxil oluruq və dərslər də başlayır. Bu günlərdə uşaqlar arasında mövsümi xəstəliklərə tez-tez rast gəlinir. Bu səbəbdən maraqlıdır ki, dərslər başlamazdan əvvəl valideynlər övladlarını xəstəliklərə necə hazırlamalı, qrip zamanı nə etməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən pediatr Şəlalə Poluxova qeyd edib ki, uşaqların sağlamlığının qorunmasında doğru qidalanma vərdişləri, məktəbəuyğun yuxu rejiminin nizamlanması, fiziki aktivlik və hər gün açıq havada vaxt keçirmək vacib rol oynayır:

"Dərslər başlamazdan əvvəl valideynlər övladlarını xəstəliklərdən qorumaq üçün müəyyən hazırlıq tədbirləri görməlidirlər. İlk növbədə pediatrik müayinələr aksatılmamalıdır; məktəbyaşlı uşaqlar ildə ən azı bir-iki dəfə göz müayinəsi, qan analizləri və vitamin testlərini əhatə edən “check-up” müayinələrdən keçməlidirlər.
Bununla yanaşı, peyvənd təqviminə ciddi əməl olunmalıdır. Əsasən də oktyabr aylarında mövsümi qrip əleyhinə peyvəndlərin vurulması uşaqları yüksək qızdırma, dirənçli hərarət, qusma, öskürək, baş və əzələ ağrıları, burun axıntısı kimi ağır simptomlarla müşayiət olunan İnfluenza A və B viruslarından qorumağa kömək edir. Eyni zamanda qızılca və göyöskürək kimi digər vacib peyvəndlər də unudulmamalıdır.
Uşaqların sağlamlığının qorunmasında doğru qidalanma vərdişləri, məktəbəuyğun yuxu rejiminin nizamlanması, fiziki aktivlik və hər gün açıq havada vaxt keçirmək vacib rol oynayır. Həmçinin uşaqlara yeməkdən əvvəl, tualetdən və çöldən gəldikdən sonra əlləri doğru yumaq qaydaları öyrədilməlidir, çünki bu, xəstələnmə riskini yarıya qədər azaldır. Bağça və ya məktəbin ilk illərində uşaqların tez-tez xəstələnməsi normaldır; zaman keçdikcə immun sistemi formalaşır və onlar daha az xəstələnirlər".
Xəstəlik zamanı relies olunmalı ən vacib məqam özbaşına antibiotik istifadəsindən qaçınmaqdır:
"Qrip virus mənşəli olduğu üçün antibiotiklərin buna heç bir təsiri yoxdur. Antibiotiklər və ya antiviral dərmanlar yalnız həkim müayinəsindən və təyinatından sonra müəyyən göstərişlərə əsasən verilə bilər.
Xəstə uşaqlar infeksiyanın yayılmaması üçün kollektivə göndərilməməli, evdə yataq istirahətində olmalıdırlar.
Onlara bol maye, fizoloji məhlulla burun gigiyenası və həkim məsləhəti ilə yaşına/çəkisinə uyğun dozada qızdırmasalıcılar kimi simptomatik müalicə tətbiq olunmalıdır. Qrip adətən 3-5 gün ərzində fəsadsız şəkildə öz-özünə sağalan bir xəstəlikdir".