Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 15:50:00
Ali məktəblərə ixtisas seçimi - hansı dəyişikliklərə ehtiyac var?

Avqustun 16-dan ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi başlayıb. Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə 2022-ci il avqustun 28-dək  internet vasitəsilə aparılacaq. İxtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünva­nında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

 

İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər. Abituriyent ixtisas seçimi edərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

 

Bəs, görəsən, bu il ən yüksək rəqabət hansı qruplarda və ixtisaslardadır? Ümumiyyətlə, hazırda qəbul planında lazımsız ixtisaslar mövcuddurmu? Bu ixtisaslarla bağlı hansı qərarlar qəbul olunmalıdır? Təhsil sistemində ixtisas seçimi hansı formada tətbiq edilməlidir və bu sahədə hansı çatışmazlıqlar var?

 

Əvvəlcə ondan başlayaq ki, bu il ixtisas qrupları üzrə ərizə vermiş abituriyentlərin sayı ümumilikdə 99533 nəfərdir. Bu da ötən illə müqayisədə 20911 nəfər çoxdur. Belə ki, I qrup üzrə 33884 nəfər, II qrup üzrə 21215 nəfər, III qrup üzrə 21904 nəfər, IV qrup üzrə isə 5412 nəfər, V qrup üzrə 72058 nəfər ərizə verib.

 

I qrupda rəqabət yüksək olacaq

 

Bu il ali məktəblərə qəbulda dövlət sifarişli yerlər ötən illə müqayisədə 746 yer artıb. Artım daha çox I qrup ixtisaslarında olub və bu qrup üzrə rəqəm 673 təşkil edir. Amma bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı da ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bu o deməkdir ki, müəyyən ixtisaslarda keçid balları artacaq.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, I qrupda 200-dən yuxarı bal toplayaraq müsabiqəyə buraxılan 13 982 nəfər var: "Onların hər birinin ali məktəblərə qəbul olmaq şansı var. Əlbəttə ki, ballarına uyğun düzgün ixtisaslar seçsələr. Bu qrupda təxminən 2000 nəfər qəbul olmayacaq. Onlar 150-200 bal arasında nəticə göstərənlərdir".

 

M.Abbaszadə vurğulayıb ki, I qrupda 300-dən yüksək bal toplayanlar dövlət sifarişli ixtisasları yaza bilər.

 

DİM sədri əlavə edib ki, I qrupda Fizika, Riyaziyyat və Komputer elmləri ixtisaslarını seçənlər 250 baldan yuxarı nəticə göstərməlidirlər: "Belə abituriyentlərin sayı 12 mindir. Onlar arasında yüksək rəqabət olacaq".

 

II ixtisas qrupunda isə vəziyyət bir qədər yaxşıdır. Bu qrupda12 min plan yeri varsa, 9 800 nəfər 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılıb.

 

DİM sədrinin dediyinə görə, həmin şəxslərin hamısı ali məktəbə qəbul olacaq: “Onlardan 6 min nəfəri 200-dən yuxarı bal toplayıb. Bu qrupda 280-dən yuxarı bal toplayanlar dövlət sifarişli yerlərdə oxuya biləcək”.

 

III  qrupda dövlət sifarişi üzrə plan yerlərinin sayı əlavə olaraq 800 yer artırılıb.

 

Məleykə Abbaszadənin bildirdiyinə görə, DT alt qrupunda 440 baldan yüksək nəticə göstərənlərin dövlət sifarişli yerlərdə oxumaq şansları var: “Yuxarı reytinqli ixtisaslarda ballar aşağı düşə bilər. Orta və aşağı reytinqli ixtisaslarda isə ötənilki kimi olacaq”.

 

IV ixtisas qrupunda da abituriyentlərin göstərdiyi nəticələr yüksəkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı 511 nəfərdir. Ötən il bu say 408 nəfər olub. Bu qrupda 200-dən yüksək nəticə göstərənlərin hər biri ali məktəbə qəbul oluna bilər.

 

Bu il ən yüksək rəqabətin isə I qrupda kompüter elmləri, mühəndisliyi və informasiya texnologiyaları kimi ixtisaslarda olacağı gözlənilir. DİM sədrinin sözlərinə görə, əmək bazarında baş verən dəyişikliklər abituriyentlərin ixtisas seçimində özünü göstərir: "On il əvvəl kimsə desəydi ki, hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq, heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük. Bəzən ixtisas seçimləri çox zaman kortəbii aparılır. Yaxşı olardı ki, valideynlər uşaqları ilə birgə müzakirələr aparsınlar".

 

İxtisas seçimi ilə bağlı qaydalar sadələşdirilməlidir

 

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, abituriyentlər ixtisas seçərkən diqqətli olmalıdırlar: “Bir misal var, əgər gedəcəyin yeri bilmirsənsə, çatacağın yerin heç bir əhəmiyyəti yoxdur.  Ötən illər ərzində tərəddüdlü qərarların acı nəticələrinin çox şahidi olmuşuq. Bir mühüm məqamı da unutmamalıyıq ki ali məktəbə qəbul olmaq üçün yetərincə bal yığmaq, hələ tələbə adını qazanmaq demək deyil, düzgün ixtisas seçimi mütləqdir. Əks halda yüksək bal toplamış abituriyentlər belə, tələbə adını qazanmaqdan mərhum ola bilərlər. Ürəyincə olmayan peşəyə sahib olmaq gələcəkdə peşəkar mütəxəssis olmaq planlarının üzərindən bir qara xətt çəkə bilər”.

 

Ekspert həmçinin vurğulayıb ki, tələbə qəbulu planı hər il Nazirlər Kabineti tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla təsdiqlənir: “Əgər əmək bazarında bir ixtisasa 5 və ya 6 nəfər də tələbat varsa, o ixtisası qəbul planından çıxarmaq olmaz. Qəbul planı vəziyyətə uyğun olaraq təsdiqlənir. Biz ötən illərə baxsaq görərik ki, ildən-ilə ixtisasların təsnifatları dəyişir. Məsələn, bizdə neçə ixtisas var ki, plan yerləri dolmur. O demək deyil ki, həmin ixtisaslar ləğv olunmalıdır. Deməli, o ixtisaslara tələbat var ki, qəbul planında öz əksini tapır. Düzdür, indi yeni ixtisaslar meydana gəlib və gənclərin əksəiyyəti həmin ixtisaslara meyl edir. Amma o da nəzərə alınmalıdır ki, gələcəyimiz bir neçə yeni ixtisasın üzərində qurulmayıb. Bu məsələlər tədricən tənzimlənməlidir. Eyni zamanda, ixtisas seçimi ilə bağlı qaydalar da sadələşdirilməlidir. Bizdə bu qaydalar çox mürəkkəb və qarışıqdır. İxtisas qruplarında demək olar ki, hər il dəyişiklik edilir”.

 

Azərbaycanda əmək bazarını öyrənən sistem yoxdur

 

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, bu il ən yüksək rəqabət informasiya texnologiyaları və iqtisadiyyat sahəsi üzrə ixtisaslarda müşahidə olunacaq: “Ümumiyyətlə, hər il Təhsil Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti növbəti il üçün ixtisasların təsnifatını təsdiq edir. Və zaman-zaman bu ixtisaslar dəyişir. Yeni ixtisaslar meydana gəlir, o cümlədən sənəd verilməyən ixtisaslar var ki, bunların da böyük bir hissəsi birinci qrupda yerləşirdi. Həmin ixtisaslar tədricən qəbul planından çıxarılır. Məsələ bundadır ki, qəbul planı əmək bazarına uyğun təsdiq edilməlidir. Amma bizdə əmək bazarını öyrənən sistem yoxdur. Bu yaxınlarda ölkə Prezidenti tərəfindən bu sahədə elmi tədqiqatlar institutunun yaradılması ilə bağlı sərəncam verildi və bir neçə aydan sonra Nazirlər Kabineti həmin sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edəcək. Amma hazırkı vəziyyətdə biz bu məlumatları sənəd verən abituriyentlərin rtimsalında öyrənə bilirik. Məsələn, son illər informasiya texnologiyaları, iqtisadiyyat üzrə sənəd verənlərin sayı artıb. Bu il də vəziyyət demək olar ki, dəyişməyib və ən yüksək rəqabət də bu ixtisaslar üzrə olacaq”

 

Ekspert öz açıqlamasında həmçinin vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi 30 ildir yaranmasına baxmayaraq, apardığı bütün dəyişikliklər kosmetik xarakter daşıyır: “DİM dünyada yeganə imtahan modeli olan qrup imtahanları keçirir. Dünyada ikinci belə bir model yoxdur ki, hansısa bir ölkədə abituryent bir qrup üzrə 8-15 yer yazsın, hansına düşər düşsün. Bu, Azərbaycan gəncinin heysiyyatı ilə oynamaqdır. Dəfələrlə DİM-ə öz təkliflərimizi vermişik. Yəni, DİM-in keçirdiyi qrup imtahanının özü problemdir. Azərbaycan gənci yeganə gəncdir ki, hər 100 nəfərdən 95 nəfəri arzulamadığı, heç xəyalına gəlməyən ixtisaslar üzrə oxuyur. Sonra da əmək bazarında yer tapa bilmir. Ölkədə 40-dan çox ali təhsil müəssisəsi var. Elə ixtisaslar var ki, onlarla ali məktəb həmin ixtisas üzrə kadr hazırlayır”.

 

Ekspert deyib ki, qrup imtahanları ləğv edilib, ixtisas üzrə imtahan keçirilməlidir: “Bununla bağlı DİM nümayəndələri ilə bağlı görüşdə də demişik və onlar da təsdiq ediblər ki, dünyada ikinci bir anoloq yoxdur ki, qrup imtahanları ilə imtahan keçirilsin. Mən çox arzu edərdim ki, DİM rəhbərliyi bu məsələyə diqqət yetirsin”.