Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-14 14:21:00
“Pedaqoji fəaliyyətim dövründə əmin oldum ki, bal sistemi nisbidir”-Nazir müşaviri

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elm və Təhsil nazirinin müşaviri Elnur Nəsibov 700 bal toplayan abituriyentin ali təhsil üçün Azərbaycan universitetlırini seçməməsi məsələsinə münasibət bildirib.

 

AzEdu.az xəbər verir ki, nazir müşaviri bir çox azərbaycanlı tələbənin dünya universitetlərinə sənəd verdiyini bildirib:

 

“Bəzən bal sisteminə çox diqqət edirik, dostlar. Kimsə 700 bal yığdı, digəri 600, başqa biri isə 650. Toplanan bal bu uşaqların bilik və İQ səviyyəsini nə dərəcədə doğru müəyyən edir? Axı yüzlərlə, bəlkə minlərlə məzunumuz xaricdə yerləşən universitetlərə sənəd verir, mötəbər ali təhsil müəssisələrinə qəbul alır. Bütün bunlar məzunların ümumi təhsil məktəb göstəriciləri əsasında və əldə etdikləri biliyin sertifikatlaşdırılması sənədləri (İELTS, TOEFL, SAT və sair) əsasında baş tutur. Harvard, Yale, Oksford, Kembric və digər bir neçə əsrlik təcrübəsi olan universitetlər üçün bizim sistemdə əldə edilmiş bal göstərici ola bilərmi? Əsla. Onların seçim meyarları tam fərqlidir”.

 

O, bal sisteminin nisbi olduğunu vurğulayıb:

 

“Təbii ki, məktəbi bitirən şagirdlərin təhsil aldıqları dövrdə qiymətləri, davranışı, arzu və istəkləri, gələcəklə bağlı planları, cəmiyyətə faydalılığı, ictimai inkişafa töhfəsi və sair önəmlidir. Bu barədə ayrıca yazı yazmaq olar. Ali təhsil müəssisələrində 16 illik pedaqoji fəaliyyətim dövründə bal sisteminin nisbi olduğuna əmin oldum. 550 bal toplamış bir tələbənin universitetin 2 və ya 3-cü kursunda 650 bal toplamış tələbədən üstün bilik və bacarıqlara malik olması, əmək bazarında tələb olunan səriştələr əldə etməsi və layiqli işlə təmin olunmasının dəfələrlə şahidi olmuşam. Unutmayaq, ali təhsilin əsas məqsədi əmək bazarı üçün yüksək səriştəli peşəkar mütəxəssislərin hazırlanması və onların iş tapmaq imkanlarını artırmaqdır. Bu prosesi daha uyğun və rahat şəkildə necə həyata keçirmək olar, bax strateji fəaliyyət istiqamətlərimizdən biri budur”a.