Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-25 12:29:00
Qız abituriyentlər daha çox humanitar ixtisaslara üstünlük veriblər  

V ixtisas qrupu istisna olmaqla, oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir. Əvvəlki illərdə olduğu kimi, ötən il də orta hesabla, hər iki bölmənin oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır.

 

Azərbaycan bölməsində oğlanların 74.24 faizinin, rus bölməsində isə 77.34 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir. Bununla belə, qeyd etmək lazımdır ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir.

 

Baxmayaraq ki, 2020-ci ildə 2018-ci və 2019-ci illərlə müqayisədə hər iki bölmədə oğlan abituriyentlərin II ixtisas qrupuna maraqları bir qədər zəifləmişdi, cari ildə bu ixtisas qrupuna olan maraq yenidən artmışdır.

 

Bu barədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında məlumat verilib.

 

Hesabatda bildirilir ki, orta hesabla, qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Qız abituriyentlər “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Əvvəlki illərdə rus bölməsinin qız abituriyentləri II ixtisas qrupuna daha çox maraq göstərirdilər və son illərdə onların da oğlanlarda olduğu kimi, bu ixtisas qrupuna meylində azalma müşahidə olunub. Lakin rəqəmlər rus bölməsinin qız abituriyentlərinin II ixtisas qrupuna maraqlarının yenidən artdığını göstərir. 2018-ci ildə rus bölməsindəki qız abituriyentlərin 23.08 faizi, 2019-cu ildə 19.37 faizi, 2020-ci ildə 17.82 faizi, 2021-ci ildə isə 20.10 faizi II ixtisas qrupunu seçib. IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 2.62-3.03 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 3.08 dəfə yüksək olub.