Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 10:51:00
Ən nüfuzlu universitetlərdən yüksək məbləğdə təqaüd qazanan tələbələrimiz-Heyrətləndirici rəqəmlər-FOTO

Nüfuzlu xarici ali təhsil müəssisələrinə qəbul olan tələbələrimizin sayı ilbəil artır. Təhsillərinizi dünyanın nəhəng universitetlərində davam etdirəcək gənclərimizin demək olar ki, əksəriyyəti müxtəlif növ təqaüdlərə layiq görülürlər.

 

Son olaraq Astara məktəblisi Salman Hüseynovun dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Massaçusest Texnologiya İnstitutunun (MIT) yüksək məbləğdə təqaüdünü qazanması xəbəri maraqla qarşılandı. Belə ki, istedadlı gəncimiz texnologiya nəhəngi olan təhsil müəssisəsinin ilk il üçün 81 min dollar məbləğində təqaüdünə layiq görülüb.

 

Ancaq Salman dünyanın nüfuzlu universitetindən yüksək təqaüd qazanan ilk azərbaycanlı gənc deyil. Bəs başqa kimlər var?

 

AzEdu.az ayrı-ayrı zamanlarda dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrinin yüksək məbləğdə təqaüdünü qazanmış azərbaycanlı gənclərdən bir neçəsini təqdim edir.

 

Daha bir MIT təqaüdçüsü Abutalıb

 

Hələ 2020-ci ildə elə MIT-ə qəbul olan Abutalıb Namazov da nüfuzlu universitetin yüksək məbləğdə təqaüdünə layiq görülən azərbaycanlı gənc olaraq diqqətləri üzərinə çəkmişdi. Hazırda burada təhsilini davam etdirən Abutalıba, institutdan təhsil xərcləri üçün illik 80 min dollar təqaüd ayrılır. Onu da qeyd edək ki, Abutalıb jurnalist Şahvələd Çobanoğlunun övladıdır.

 

 

Universitetlərə sənədlərini xarici təhsil şirkətlərinin deyil, gənclərin özlərinin göndərməsini tövsiyə edən Yasin

 

ABŞ-ın bir çox universitetlərindən qəbul almasına baxmayaraq, 2019-cu ildə ali təhsilini davam etdirmək üçün Türkiyənin Sabancı Universitetini Yasin Quliyev də bu qəbildən olan istedadlı tələbələrimizdəndir. Digər universitetlər Yasini, təhsil haqqının bir qismindən azad edəcəyini bildirsə də, o, Sabancı universitetində ödənişdən tam azad olunmuş şəkildə təhsilini davam etdirir.Yasinin təhsilinə ayrılan təqaüdün məbləği isə 56 min dollardır.

 

 

Yüksək təqaüdlə təhsil alan,bədbəxtlikdən təhsilini bitirə bilməyən İbrahim

 

Türkiyənin Bilkent Universitetində təhsilini davam etdirmək üçün yüksək təqaüd qazanan İbrahim Abbasov da bu qəbildən olan istedadlı gənclərimizdən idi. İbrahim, 2016-cı ildə universitetə qəbul zamanı 65 min dollar təqaüd qazanıb. Çox təəssüf ki, 2019-cu ildə Mexanika Mühəndisliyi ixtisası üzrə təhsil aldığı müddətdə o, ürək xəstəliyi səbəbilə dünyasını dəyişib.

 

 

ABŞ-da prezident təqaüdü qazanan Kamil

 

ABŞ-ın Nyu-York universitetinin prezident təqaüdçüsü Kamil Məhərrəmov, aldığı təqaüdün o ölkədə ən yüksək təqaüd hesab olunduğunu bildirib. Ümumi orta təhsil aldığı müddətdə müxtəlif fənn olimpiadalarında uğurlu nəticələr göstərən Kamilin təhsil aldığı universitetə qəbul olması üçün tələb olunan SAT və İELTS balları da kifayət qədər yüksəkdir. Universitet onun təhsil haqqını tam şəkildə özü qarşılayır.

 

 

Harvard Universitetinin doktorant təqaüdçüsü Vüsal

 

Növbəti uğurun sahibi ABŞ-ın nüfuzlu Harvard Universitetinin Devis Mərkəzinin doktorant təqaüdçüsü adına layiq görülmüş Vüsal Quliyevdir.  O, rəqabətin kifayət qədər yüksək olduğu  və fakültə üzrə xarici tələbələr arasından yalnız  bir namizədin seçilə biləcəyi Şanxay Şəhər Təqaüd Proqramının  (A kateqoriyası üzrə)  2018-ci il üzrə qalibi olub.  Bununla yanaşı, Universitetlərarası Beynəlxalq Protokol çərçivəsində və təqaüd proqramının verdiyi imkanlar sayəsində doktorantura təhsilinin bir hissəsini Yaponiyanın Kyuşi Universitetində (2019) və Türkiyə Cümhuriyyətinin Ankara Universitetində (2020) xüsusi araşdırma qrupları ilə  birlikdə beynəlxalq layihələrə imza ataraq davam etdirib.O Qəbul olduğu il minlərlə namizəd arasından qəbul alan 18 nəfərdən biri idi.

 

 

Sadəcə tələbələr deyil, müəllimlərimiz də yüksək təqaüdə layiq görülürlər. AzTU-nun gənc müəllimi İlqar Abbasov kimi

 

Azərbaycan Texniki Universitetinin (AzTU) gənc müəllimi İlqar Abbasov 2020-ci ildə Almaniyanın nüfuzlu DAAD “3+1 illik” (3 maksimum 4 illik) təqaüdünü qazanıb. İlqar Abbasov maşın mühəndisliyi ixtisası üzrə bu təqaüdü qazanan ilk və yeganə azərbaycanlıdır. Təqaüd proqramı çərçivəsində onun bütün yaşayış və təhsil xərcləri Alman Akademik Mübadilə Xidmətinin maliyyəsi hesabına ödənilir. Həmçinin o, 2014 cü ildə Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidmətinin) “Gənc tədqiqatçılar” təqaüdünü qazanan 4 azərbaycanlıdan biri olub.

 

 

 

Bir neçə ölkədən təklif alan, ancaq yüksək təqaüdlə ABŞ-ı seçən Cavid 

 

2019 -cu ildə İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdə sərfəli şərtlərlə təhsil almaq şansı qazanan Cavid, tələbənin hərtərəfli yetişməsi üçün ən ideal təhsilə malik hesab etdiyi  ABŞ-ı seçməyə üstünlük verib. Cavid Əlizadə hələ Britaniya kollecində təhsil aldığı dönəmdə çoxlarının örnək götürə biləcəyi tələblərə şahid olduğunu qeyd edib. Qəbul zamanı tələbəmizə 74 min dollar məbləğində təqaüd imkanı təqdim edilib.

 

 

Son olaraq qeyd edilməsi vacib olan gənclərimizdən biri də Ləman Cəlilovadır. Ləman, bu il MIT-də təqaüdlü təhsil qazanan iki azərbaycanlıdan biridir. O, hazırda UFAZ-da Kimya mühəndisliyi ixtisası üzrə son kursda təhsil alır.

 

 

Onu da qeyd edək ki, bu il dünyanın top universitetlərindən biri olan Cənubi Koreyada yerləşən KAİST-ə 12 azərbaycanlı qəbul şansı qazanıb.