Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 13:17:00
“Bəzi məktəblər  müəllimləri üçün də vahid forma istəmişdilər” - TƏHLİL

 

 

“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında 17 mart 2022-ci il tarixli qərarı vahid məktəbli formasına keçidin zəruriliyi ilə bağlı uzun müddət davam edən müzakirələrə son qoyulması baxımından müsbət addımdır”.

 

 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi  Aqşin Məmmədov-un AzEdu.az-a açıqlamasında şagirdlərin məktəbli forması ilə bağlı ümumi fikirlərini bildirib.

 

 

“ Bildiyiniz kimi, Təhsil Nazirliyi  2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, ictimai rəyin öyrənilməsilə məqsədilə bu layihəni müzakirəyə çıxarmışdı. Bəzi təkliflər irəli sürülsə də, koronavirus (COVID-19) pandemiyası səbəbindən dərslərin distant formaya keçirilməsi vahid məktəbli formasına keçid prosesini ləngitdi. Onu da qeyd edək ki, bu vaxta qədər “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin “geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur” maddəsinə əsaslanaraq hər bir məktəb geyim forması dəstini Pedaqoji Şuranın qərarı ilə müəyyən edir və sifariş verirdi. Beləliklə, respublikanın ümumtəhsil məktəblərində bir-birindən fərqli formalardan istifadə edilirdi.

 

 

Nazirlər Kabinetinin qeyd edilən Qərarının əlavəsində məktəblərə seçim üçün 4 rəngdə geyim formasının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında bu Sənədin 2.2-ci bəndində qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

 

 

Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Qeyd edək ki, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər”.

 

 

 

Qərarda müzakirələrə səbəb olan əsas müddəalar 3 ildən sonra məktəbli formalarının dəyişdirilə bilməsi ehtimalıdır.

 

 

“Bu qərar hazırda geyim forması ilə bağlı məktəblərdə müşahidə edilən fərqliliyi nisbətən aradan qaldırmaq məqsədi daşıyır. Qərarda müzakirələrə səbəb olan əsas müddəalar 3 ildən sonra məktəbli formalarının dəyişdirilə bilməsi ehtimalı və  bunun aztəminatlı ailələrə təsiri məsələsidir.

 

 

Qeyd edək ki, bu qərara qədər də qeyd etdiyimiz kimi hər bir məktəbdə müxtəlif forma dəstlərindən istifadə edilirdi. Hətta bəzi məktəblər bir az da irəli gedərək müəllimlər üçün də vahid formadan istifadə etmək niyyətlərini bildirmişdilər.

 

 

Sadəcə, burada diqqətdə saxlanılmalı ən vacib məqam aztəminatlı ailələrin sosial vəziyyətidir. Azərbaycan hökuməti xüsusilə pandemiya dövründə həyata keçirdiyi sosial siyasət çərçivəsində aztəminatlı ailələrdən olan şagird və tələbələrin fasiləsiz təhsil prosesinin təmin olunması üçün bir sıra layihələr həyata keçirib. Ümid edirik ki, məktəblilərin vahid forma dəstindən istifadə etmək məsələsində də həm qiymətlərin tənzimlənməsi, həm də aztəminatlı ailələrə kömək göstərilməsi məqsədilə dövlət nəzarəti çərçivəsində konkret addımlar atılacaq və onlara müəyyən güzəştlər ediləcək. Burada həm Təhsil Nazirliyinin, həm də orta məktəblərin rəhbər heyətinin bu prosesin düzgün tənzimlənməsində yaxından iştirakı və qeyd edilən nüansları nəzərə alıb qərar vermələri vacibdir”.

 

 

Aqşin Məmmədov sonda digər ekspertlərin yanaşmasınada fikirlərini bildirib

 

 

“Bəzi ekspertlər şagirdlərin yerdəyişmə prosesində yeni məktəbə keçidlə bağlı yeni bir formadan istifadə etmək məcburiyyətində qaldığını və bunun ailənin büdcəsinə təsir edəcəyini də qeyd edirlər. Burada unudulur ki, bundan əvvəl də məktəblərdə yerdəyişmə aparılırdı və forma müxtəlifliyi daha çox idi. Bu problemin tam həll edilməsi qeyri-mümkündür. Beynəlxalq təcrübədə də məktəblərdə vahid formadan istifadə halları geniş yayılıb”.

 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları