Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-21 13:35:00
Ucqar kənd məktəbindəki  sinif otağına şəhidin adı verildi

 

 

Yardımlı rayonu Şəhid Ənvər Mirzəyev adına Honuba kənt tam orta məktəbinin kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagird və məktəbin məzunu, Aprel şəhidi Nurəddin Mirzəyevin valideynləri Ehtimat Mirzəyev və Fəxriyyə Burciyeva iştirak ediblər.

 

Çıxış edən direktor Ələddin Aslanov bildirib ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və bir neçə bölgəmizdə  sovet qoşunları sivil əhaliyə atəş açaraq misli görünməmiş qətliama imza atdılar. Azərbaycanlıların müstəqillik duyğularını boğmaq məqsədi güdən bu mənfur addım puça uğradı. Vətənpərvər oğul və qızlarımız yalın əllə tankların qarşısına çıxaraq əsarət zəncirini darmadağın etdilər.

 

Şəhid Nurəddin Mirzəyevin atası E.Mirzəyev bildirib ki, 20 Yanvar hadisələrində öz azadlığını qanı ilə qazanan xalqımız ötən 30 il ərzində də torpaqlarımızı işğal etmiş yağı düşmənə qarşı barışmaz mövqe nümayiş etdirdi və yenidən şəhidlərimizin qanı bahasına Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ərazi bütövlüyümüzü bərpa etdik. Övladım Nurəddin də böyük qələbənin başlanğıcı olan Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

 

Tədbir çərçivəsində həmçinin vaxtilə şəhid Nurəddin Mirzəyevin oxuduğu sinif otağına onun adı verilib. Sinif otağının girişində şəhidin xatirə lövhəsinin açılışı olub.

 

Məktəbin tarix müəllimləri Rafiq Həmzəyev və Tünzalə Həsənova vurğulayıblar ki, şəhidlərimizin qanı bahasına bizə bəxş etdikləri azadlıq və dövlət müstəqilliyini göz bəbəyi kimi qorumalıyıq. Cənab Prezidentin qətiyyəti hesabına Azərbaycan xalqı tarixinin ən böyük zəfərinə imza atıb. Bizim üzərimizə olduqca məsuliyyətli vəzifə düşür. Şəhidlərimizin xatirəsini daim uca tutaraq  müstəqilliyin dəyərini gənc nəslə aşılamalı, onları Azərbaycanın çiçəklənməsinə töhfə verəcək layiqli vətəndaşlar kimi tərbiyə etməliyik. Xatirə lövhəsinin açılışı və sinif otağına şəhidin adının verilməsi də məhz bunun nümunəsidir.

 

Tədbirdə 20 Yanvar faciəsinə, o cümlədən məktəbin adını daşıdığı I Qarabağ müharibəsi şəhidi Ənvər Mirzəyevin və Aprel şəhidi Nurəddin Mirzəyevin xatirələrinə həsr olunmuş stendlərə baxış keçirilib, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.