Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 15:36:00
“Xaricdəki tələbəmiz”: “Heç nə üçün darıxmıram, gələcəyə aid planlarım da yoxdu”-MÜSAHİBƏ

 

Hazırda bir çox azərbaycanlı tələbə müxtəlif təhsil pillələri üzrə təhsillərini xaricdə davam etdirirlər.

 

Belə tələbələrimizdən biri də Mirzəmməd Əliyevdir. Mirzəmməd 2019-cu ildə orta təhsilini başa vurduqdan sonra ali təhsil almaq üçün Türkiyəyə yollanıb.

 

AzEdu.az  “Xaricdə oxu”  rubrikası çərçivəsində bu gəncimizlə olan müsahibəni təqdim edir:

 

Əvvəlcə özünüz haqqında məlumat verərdiniz:

 

-Mən Mirzəmməd Əliyev, 29 oktyabr 2002-ci ildə doğulmuşam. 2019-cu ildə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbi bitirdim. Hazırda İstanbul Universitetinin Ədəbiyyat fakültəsində  “İnformasiya və  sənəd idarəetmə”  ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.

 

-Türkiyədə təhsil almağa necə qərar verdiniz? Müraciət prosesi necə idi? Bir az bu barədə danışardınız...

 

- Bu qərara 10-cu sinfin sonunda gəldim. Azərbaycanda ali məktəbə qəbul olduqdan sonra eyni monoton həyatımı davam etdirəcəyimi düşündüm. Bu səbəblə kimsənin təsiri altında olmadan, həyatımda fərqli təcrübələr yaşayacağım ümüdü ilə belə bir qərar verdim.Beləliklə, təxmini 6 ay YÖS-ə hazırlaşdım. Nəticədə bacardım və qəbul oldum.

 

-Hazırda təhsil müddətiniz necə davam edir? Universitetdə tədrisin keyfiyyəti sizi qane edirmi?

 

-Təhsil  müddətim yerində və əyləncəli keçir. Sıxılma kimi problemim yoxdu. Tədrisin keyfiyyəti  ortalamanın üstündədii. Qeyd edim ki, məni çox qane edir.

 

-Türkiyədə tələbə olmağın nə kimi müsbət və mənfi cəhətləri var?

 

-Belə desək, ümumi olaraq xaricdə tələbə olmağın mənfi cəhəti əsasən, ilk zamanlardır. Sonradan zamanla insan öyrəşir. Bir müddət sonra hər şeyin yoluna düşdüyünü görəndə müsbət cəhətlər özünü göstərməyə başlayır.

 

-Orada digər azərbaycanlı tələbələr və səfirliklə əlaqələriniz mövcuddurmu?

 

- Sadəcə eyni evdə qaldığım 2 nəfər azərbaycanlı tələbə ilə əlaqəm var. Onlardan əlavə  yaxın olduğum biri yoxdur.

 

-Tələbə olduğunuz müddətdə bura ilə bağlı ən çox nə üçün darıxırsız?

 

- Açığı, belə deyim, heç nə üçün darıxmıram. Məcbur bir cavab verməli olsaydım, standart  olaraq dostlarım üçün darıxdığımı deyərdim.

 

-Təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var?

 

- Qısa və ya uzun müddətdə təhsilimi başa vurmağı düşünürəm. Doğrusu, gələcəyə dair çox ciddi bir planım yoxdu. Həmçinin, bunun üçün çox da çalışmıram. Çünki vaxtı gələndə həyat özü mənə planlarını təqdim edəcək.