Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 12:23:00
Respublika fənn müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

16 oktyabr tarixində ARTİ-nin təşkilatçılığı ilə Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə VI Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Firudin Qurbanov, ARTİ-nin direktoru Rüfət Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, adıçəkilən qurumların əməkdaşları, şagirdlər və valideynlər iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Lisey və gimnaziyalarla iş sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. F. Qarayev bildirib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.

 

Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şagirdlərimizin əldə etdikləri uğurlardan danışıb və bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır. 

 

ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək Respublika fənn müsabiqələri qaliblərinə uğurlar arzu edib. Qeyd edib ki, gələcək karyeralarında müvəffəqiyyət qazanmaq üçün olimpiadalarda iştirak etmək mühüm şansdır. Olimpiadaların Azərbaycanın ümumi təhsil strategiyasının mühüm bir hissəsi olduğunu vurğulayan R.Əzizov istedadlı uşaqlar vasitəsilə kibertəhlükəsizlik, süni intellekt, avtomatika, elektronika kimi gələcək yönəlik peşələrdə daha böyük və sürətli nailiyyətlərin əldə olunacağını bildirib.

Tədbirdə beynəlxalq olimpiada qaliblərinin təbrik video çarxı nümayiş olunub.

Sonda müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.