Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 09:12:00
Paytaxtın bu məktəbində şagirdlərin temperaturu niyə ölçülmür?-BŞTİ-dən açıqlama

Azərbaycanda orta məktəblərdə əyani tədrisin bərpasından sonra koronavirusa (COVİD-19) yoluxma halları yenidən yayılmağa başlayıb. Təəssüf ki, yoluxmanın sürətlə yayıldığı bu dövrdə bəzi məktəblərdə hələ də gigiyenik qaydalara və təhlükəsizlik tədbirlərinə lazımi səviyyədə əməl olunmur.  Belə məktəblərdən biri də paytaxtın 49 nömrəli “İntellekt” məktəb-liseyidir. Belə ki, valideynlər sözügedən məktəbdə şagirdlərin temperaturunun ölçmə prosesində işçilərin məsuliyyətsizliyindən narazıdır. Valideynlər temperaturu ölçən şəxsin cihazı şagirdin nəbzinə yaxınlaşdırdığını və nəticə ilə maraqlanmadığını, dərhal o biri şagirdə keçdiyini bildirirlər. Həmçinin, məktəbin beş girişinin olmasına baxmayaraq, bəzən onlardan ikisindən istifadə edilir. Bu da panemiya dövründə sıxlıq yaradaraq, yoluxma riskini daha da artırmış olur.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 49 nömrəli “İntellekt” məktəb-liseydə şagirdlərin temperaturunun ölçülməsi məsələsi ilə əlaqədar BŞTİ tərəfindən təhsil müəssisəsi ilə əlaqə yaradılıb və rəhbərliyə pandemiya şəraitində tədrisin təşkili qaydalarına əməl edilməsi barədə müvafiq tapşırıqlar verilib:

“Həmçinin şagird sıxlığının qarşısının alınması və məktəblilərin müəssisəyə təhlükəsiz daxil olmasını təmin etmək məqsədilə 49 nömrəli “İntellekt” məktəb-liseyin 5 giriş qapısından təhsilalanların qəbul edildiyi və məktəb kollektivinin bu işə cəlb edildiyi aydınlaşdırılıb”.