Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 16:53:00
Xaricdə oxumaq istəyənlərin əsas problemi – Viza verilməsi niyə sərtləşdirildi?

 

Bütün dünyada olduğu kimi, ölkəmizdə də  xaricdə təhsil almaq istəyənlərin sayı çoxdur. Xaricdə təhsil almaq şəxsin dünyagörüşünün formalaşmasına, şəxsi inkişafına kömək edir.

 

Xaricdə təhsil almaq  istəyənlər əksər hallarda bir çox  problemlərlə qarşılaşır. Onların başında gələn məsələ ilə sözsüz ki, sənədləşmə və viza problemidir.  

 

Xaricdə təhsil zamanı ortaya çıxan  viza problemləri əsasən hansı ölkələrdə yaşanır?  Ümumiyyətlə, anoloji  problemlərin həlli üçün hansı addımlar atılmalıdır?  

 

AzEdu.az bununla bağlı xaricdə təhsil məsələləri üzrə ekspert Ramal Şəmşədovun fikirlərini təqdim edir:

 

“Bilirsiz ki, xaricdə təhsil almaq istəyən tələbələrimiz  qonşu ölkələrdən ən çox  Türkiyəyə  üstünlük verirlər. Amma qardaş ölkə ilə bizim aramızda viza yoxdur. Sadəcə, orada əvvəllər də, indi də  yaşanan əsas problem yaşam icazəsi ilə bağlıdır.  

Onun da həll olunması gözlənilirdi, sonradan ləngidi.  Yəni bu proses hazırda eyni vəziyyətdə davam edir. Türkiyədə təhsil alanların üzləşdiyi əsas  problem budur.

 

Viza məsələsində ən çox çətinlik Avropa ölkələri, Amerika, Kanada ilə bağlı yaşanır. Bu ölkələrə viza almaq çox çətindir”.

 

Ekspert bildirib ki, şirkətlər şəffaf şəkildə fəaliyyət göstərərsə, viza ilə bağlı problem aradan qalxar:

 

“Əslində əvvəlki illərdə bu məsələdə heç bir problem yaşanmırdı, Avropa ölkələri vizanı rahat şəkildə verirdi. Sonrakı dövrlərdə isə bəzi şirkətlər tələbə adı ilə Avropaya adam aparırdılar ki, onların çoxusu təhsil almır,  orada qalıb işləyirdilər. Ən çox da Amerikada bu hallar baş verdi.

 

Bu səbəbdən, sonradan  viza ilə bağlı şərtlər sərtləşdirildi və  problemlər yarandı. Yəni əsas məsələ bizim özümüzdən asılıdır. Avropa ölkələrinə, başqa ölkələrə xidmət göstərən şirkətlər şəffaf şəkildə, yalnız tələbələri göndərsələr, belə bir problem yaranmayacağına əmin ola bilərik.

 

Yəni problemi yaradan əsas səbəb  budur:  təhsilli olmayan adamlar tələbə adı ilə gedib orada işlədilər, nəticədə  viza alınmasında problemlər yaranır.

 

Nəticədə Avropa ölkələri daha diqqətli davranır, 100 tələbə viza ilə bağlı müraciət edirsə, onların 30-40 nəfərinə viza verilir”.

 

Fidan ALİ