https://www.zirve.edu.az/ #
2021-07-07 10:18:00
Riyaziyyat və ibtidai sinif müəllimləri üçün seminar təşkil olunub  

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi “Həmkara dəstək” layihəsi çərçivəsində yay məktəbini davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, yay məktəbinin “Fəza həndəsəsi: fəza fiqurları və müstəvinin tənliyi” mövzusunda növbəti seminarı riyaziyyat və ibtidai sinif müəllimləri üçün təşkil olunub.

 

Seminara 271 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Abbasova moderatorluq edib. Riyaziyyatla tarix fənni arasında inteqrasiya quran Nailə Abbasova işğaldan azad olunmuş torpaqlarda vandalizmə məruz qalmış məscidlərin, qədim tarixi abidələrin inşasında riyazi ornamentlərdən istifadə məsələsinə toxunub. Eyni zamanda, seminar zamanı fəzada nöqtənin koordinatlarla təsviri və müstəvinin tənliyinin aerokosmonavtikada və hərbi sənayedə tətbiqindən danışılıb. Bundan əlavə, real həyatla bağlı bəzi fəza fiqurlarına aid məsələlərin daha qısa həll yolları araşdırılıb.

 

Sonda iştirakçılar “Topla oyun” üsulu ilə seminar zamanı öyrəndikləri üzərində refleksiya ediblər.