https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-14 17:15:00
Şəhid mayorun qızı orta məktəblə vidalaşdı: “Atam bu günü görsəydi, çox sevinərdi”  

Bu gün orta məktəblə həmişəlik vidalalaşan 11-cilər sırasında Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun qızı Firuzə Novruzova da var.



AzEdu.az xəbər verir ki, “Son zəng” tədbirində iştirak edən Firuzə Novruzova sevincini Modern.az-ın əməkdaşı ilə bölüşərkən deyib:



“Bütün məzunlar kimi mən də çox sevincliyəm. Bu gündən artıq məktəblə vidalaşıb başqa bir həyata doğru addımlayırıq. Bu gün bizim üçün ən gözəl və özəl günlərdən biridir”.


Firuzə Novruzova 3-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşdığını söyləyib:

 

“Bakı Slavyan və ya Xəzər universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olmaq istəyirəm. Buraxılış imtahanında nəticəm gözlədiyim qədər olmadı, lakin bu hələ mənim üçün son deyil. İstədiyim nailiyyəti əldə etmək üçün daha çox çalışacağam”.

 


Şəhid mayorun qızı deyib ki, bu gün bir gözü sevinsə də, o biri gözü atasını axtarıb:

 

“Atam bu günü görsəydi, çox sevinərdi. Gözüm elə hey onu axtarırdı. Hamı kimi onun da sevincli günümü görüb, yanımda olmasını istərdim”.

 


Mayor Anar Novruzov 2020-ci il iyulun 14-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətindəki hücumunu dəf edərkən şəhid olub.



25 il hərbi sahədə xidmət edən Anar Novruzov əslən Masallı rayonunun Ərkivan kəndindən idi.  1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirmiş və həmin vaxtdan hərbi xidmətə başlamışdı. 2016-cı il Aprel döyüşlərində şücaət göstərən A.Novruzov daim ən qaynar döyüş bölgələrində xidmət edib.

 

Türkiyədə peşəkar təlim keçən zabitimiz “Akula” ləqəbli kəşfiyyatçı kimi düşmənin kabusuna çevrilmişdi.