Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 13:12:00
Peşə təhsili müəssisələrində təşkil olunan “Açıq qapı” günləri yekunlaşıb  

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Açıq qapı” günləri Şəki şəhərində yerləşən bir sıra peşə təhsil müəssisələrinin iştirakı ilə başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılığı artırmaq, həmçinin peşə təhsilinin gənclər üçün uğurlu təhsil seçimlərindən birinə çevrilməsi istiqamətində dəstək olmaqdır.

Şəki Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunan 5-ci “Açıq qapı”da Şəki şəhərindən 100 nəfərədək yuxarı sinif şagirdi, valideyn və müəllim kollektivi, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Şəki Şəhər Təhsil İdarəsinin rəsmi nümayəndələri iştirak edib.

Onlayn formatda keçirilən tədbirdə iştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərlə tanış olublar. Eləcə də peşə təhsil mərkəzinə qəbul prosesi və müvafiq peşə təhsil mərkəzlərində mövcud imkan və xidmətlər barədə ətraflı məlumat alıblar. Tədbirdə, həmçinin cari çətinliklər, regionlarda peşə təhsili üzrə karyera imkanları və perspektivləri barədə müzakirələr aparılıb.

Xatırladaq ki, “Açıq qapı” günləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə yardım etməkdir.

Layihə “Açıq qapı” günləri çərçivəsində Gəncə, Cəlilabad və Şəkidə yerləşən bir sıra peşə təhsil müəssisələri üçün beş tədbirin təşkilinə dəstək göstərib.