Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 13:25:00
Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası keçiriləcək  

Mayın 5-də paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasıdır.

 

Olimpiada zamanı şagirdlərə xas olan məntiqi təfəkkürün qiymətləndirilməsi nəzərdə tutulur. Olimpiadada BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 7000-ə yaxın beşinci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

 

İki mərhələdən ibarət olimpiadanın I mərhələsində 30 test sualının cavablandırılması üçün şagirdlərə 2 saat vaxt (120 dəqiqə) ayrılacaq.

 

Olimpiada saat 10:00-da başlayacaq. Şagirdlər ən gec 09:00-da müvafiq mərkəzlərdə olmalıdırlar.

 

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın finalında iştirak etmək hüququ qazanacaqlar. Final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulur.

 

Final mərhələsinin nəticələrinə əsasən, olimpiada qalibləri mükafatlandırılacaq.