Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 15:10:00
Təhsil İnstitutu ali məktəblərlə bağlı  vacib layihə həyata keçirdi

Azərbaycan Respublikasının Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihəni icra edib.

 

Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi olub. Ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalara dəstək verilməsi məqsədilə rəqabət-qabiliyyətli mexanizmlərin icrasında Təhsil Nazirliyinin institusional imkanlarının genişləndirilməsi layihənin hədəfi olaraq əsas götürülüb. Qeyd edək ki, layihənin əsas tərəfdaşı “International Development Ireland”, digər tərəfdaşları isə “ZSI-Centre for Social Innovation”, “Istanbul Sehir University” və “MA Service QSC”dir.

 

AzEdu.az xəbər verir ki, layihə ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması kimi komponentlərdən ibarət olub. Sözügedən layihənin 21 fəaliyyəti çərçivəsində 17 sənəd hazırlanıb, 9 təlim həyata keçirilib və 6 pilot universitetin iştirakı ilə universitet əlaqələndiriciləri şəbəkəsi qurulub. Ümumilikdə 167 iştirakçının qatıldığı təlim proqramına “Milli innovasiya iqtisadiyyatı və milli innovasiya sisteminə giriş”, “Maliyyələşdirmə sxeminin idarə edilməsi üzrə işçilərin təlimi”, “Tİİ çərçivəsində potensialın artırılması”, “Beynəlxalq maliyyələşdirmə təlimini dəstəkləmək üçün Tİİ bölməsinin potensialının inkişafı”, “Horizon 2020 təlimləri”, “COST fəaliyyəti ilə bağlı təlim”, “Açıq Elm Seminarları”, “Müasir doktorantura təhsili üçün “təlimçilərin təlimi”” kimi mövzular daxil olunub. Bunlardan əlavə, layihə çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsildə innovasiyalar şöbəsi yaradılıb, 9-13 sentyabr 2019-cu il tarixlərində layihə və İnstitut əməkdaşlarının Polşaya səfəri baş tutub.

 

Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsində Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalar üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə üç dəstək mexanizmi, həmçinin, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətlərinin genişləndirilməsi məqsədilə akademik heyət üçün həvəsləndirici mexanizmlər, ali təhsil müəssisələri ilə sənaye və hökumət arasında əməkdaşlıq modeli də daxil olmaqla “Açıq İnnovasiya” konsepsiyası hazırlanıb. Bundan əlavə, tədqiqatçıların potensialının artırılması məqsədilə müasir doktorantura təhsil proqramı üçün təlim yönümlü yeni proqramı özündə əks etdirən strateji çərçivə, tədqiqat, ixtira və innovasiya bacarıqlarının inkişaf etdirilməsi və tətbiqi məqsədilə təlimçilər üçün təlim proqramı təşkil olunub. Daha sonra ingilis dilində 5 e-kurs yaradılıb və sərbəst öyrənmə portalına (https://tehsilim.edu.az/) yerləşdirilib. 330 nəfərin qeydiyyatdan keçdiyi e-kurslara Tədqiqatın metodologiyası, təcrübələr və layihələr, Verilənlərin toplanması, təhlili və idarə edilməsi, Elmi işlərin yazılması və nəşri, Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma, Sahibkarlıq təhsili və startaplar aiddir. Qeyd edək ki, e-kurslar yaxın zamanda yenidən istifadəyə veriləcək.