https://www.zirve.edu.az/ #
2021-03-18 09:31:00
MDU alimi Kiyev Milli İqtisadiyyat Universiteti kollektivinə Nizami Gəncəvi haqqında mühazirə dedi

 

2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, “Nizami Gəncəvi ili”nə həsr olunan və “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirə məxsusi olaraq KNEU tələbələri, magistrantları, eləcə də akademik və inzibati heyət üzvləri üçün nəzərdə tutulub.

 

MDU-nun “Xarici dillər” kafedrasının dosenti Mayıl İsmayılov "Nizaminin Qərb ədəbiyyatı və mədəniyyətinə təsiri" mövzusunda mühazirə oxuyub. Ukrayna auditoriyası üçün xüsusi hazırlanmış məruzədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyat və yaradıcılığından, dahi şəxsiyyətin fəlsəfi fikirlərindən, dünyanın tanınmış şərqşünaslarının mütəfəkkir haqqında araşdırmalarından geniş bəhs olunub. Nizami Gəncəvinin zəngin irsinin Ukrayna ədəbiyyatına təsirlərindən danışan M.İsmayılov ölməz şairin ukrayna dilinə tərcümə edilən əsərlərindən parçalar oxuyub.

 

KNEU tələbə və akademik heyəti tərəfindən böyük maraqla qarşılanan mühazirədə iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Nizami Gəncəvinin poetik düşüncələri ətrafında geniş fikir mübadiləsi aparılan mühazirədə dahi şairin həmişəyaşar əsərlərinə bəstələnmiş musiqilər səsləndirilib.

 

Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə MDU-da həyata keçirilən tədbirlər çərçivəsində təşkil edilən mühazirənin əsas məqsədi mütəfəkkir şairimizin yaradıcılığının xarici ölkələrdə təbliğinə töhfə verməkdən ibarət olub.

 

Qeyd edək ki, MDU və KNEU arasında birgə reallaşdırılan layihə hər təqvim ayı ərzində iki qarşılıqlı mühazirənin təşkilini nəzərdə tutur. Bundan əvvəl, KNEU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Elena Proxorova MDU kollektivi üçün "Kiyev Milli İqtisadiyyat Universitetində pandemiya dövründə onlayn və ənənəvi təhsil" mövzusunda mühazirə oxuyub.