24 may tarixində keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan olundu. Nəticələri gözlədiyindən aşağı olan bir çox abituriyent isə təşviş içindədir.
Bəs bu il II ixtisas qrupunda hansı bal aralığında qəbul şansı daha az görünür və neçə baldan aşağı nəticə göstərən abituriyentlər risk qrupunda hesab olunur?
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Sevinc Purkeştasib danışıb.
O qeyd edib ki, 300-400 bal aralığında real qəbul şansı mövcud olsa da, 250 baldan aşağı nəticələrlə dövlət sifarişli və populyar ixtisaslara qəbul olmaq ehtimalı xeyli azalır:
“Əslində bu mərhələdə dəqiq risk qrupu balını demək mümkün deyil. Çünki qəbul şansına təkcə imtahan nəticələri deyil, həm də ixtisas seçimi, plan yerlərinin sayı və digər abituriyentlərin nəticələri də təsir edir. 2026-cı ildə ikinci ixtisas qrupu üzrə imtahanda ən yüksək yekun nəticə 688.9 olub. Bu da yüksək rəqabətin davam etdiyini göstərir.
Lakin əvvəlki illərə baxdıqda keçid ballarına və ikinci qrupun ümumi rəqabət səviyyəsinə əsasən, belə bir ilkin qiymətləndirmə aparmaq olar. Məsələn, əvvəlki illərə nisbətən 400 bal üzərindən əksər ixtisaslarda qəbul şansı yüksəkdir. 300-400 bal aralığında isə ixtisasdan asılı olaraq real qəbul şansı var. 250-300 bal orta risk zonası hesab oluna bilər. 250 baldan aşağı isə dövlət sifarişli və populyar ixtisaslarda qəbul şansı xeyli azalır, risk artır. 200 baldan aşağı isə artıq seçim imkanı demək olar ki, çox az sayda ixtisaslarla məhdudlaşır.150 ballıq ixtisaslar da dövriyyəyə daxil olur".
200 baldan aşağı nəticələrdə qəbul imkanları ümumilikdə xeyli məhdudlaşır və yalnız nadir hallarda bu göstərici ilə ixtisas üzrə qəbul mümkün ola bilər:
“Bütün ixtisas qrupları üzrə nəticələr açıqlandıqdan sonra daha dəqiq təhlil aparmaq mümkün olacaq. Çünki bu zaman buraxılış ballarına görə qəbul şanslarının, yəni balların enmə və dəyişmə ehtimalı daha aydın görünür.
Hansı aralıqda qəbul şansı daha az görünür? Sualınıza cavab olaraq deyim ki, hazırda 250-300 bal aralığı orta risk zonası hesab olunur və bu bal aralığında qəbul şansı nisbətən azdır, yəni risk daha yüksəkdir. 250 baldan aşağı isə bəzi ixtisaslarda risk azalır. 200 baldan aşağı isə ümumiyyətlə imkanlar daha məhduddur. Yəni yalnız çox nadir hallarda 200 baldan aşağı nəticə ilə ixtisas seçimi üzrə qəbul olmaq mümkündür".