Azedu.az

AzMİU Azərbaycanda ilkə imza atdı

Ali təhsil

18 İyun 2026, 16:55
AzMİU Azərbaycanda ilkə imza atdı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ankara Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi universitet nümayəndə heyəti ilə Ankara Universitetinin prorektoru, Tətbiqi Elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarə Edilməsi kafedrasının müdiri, professor Harun Tanrıvermiş, Daşınmaz Əmlakın İnkişafı və İdarə Edilməsi kafedrasının müdir müavini, professor Yeşim Tanrıvermiş və həmin bölümün dosenti Mustafa Tombul iştirak ediblər.

Görüş zamanı iki universitet arasında yaradılmış "Daşınmaz əmlakın idarə edilməsi" üzrə ikili diplom proqramının icrası, tədris prosesinin təşkili və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qonaqları salamlayan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, universitetin beynəlxalqlaşma strategiyasının mühüm nəticələrindən biri olan bu proqram ölkədə yeni elmi istiqamətin formalaşmasına mühüm töhfə verəcək.

Rektor qeyd edib ki, bu ildən etibarən proqram üzrə tələbə qəbuluna başlanılacaq və məzunlar həm Azərbaycan Memarlıq və İnşaat Universitetinin, həm də Ankara Universitetinin diplomlarını əldə edəcəklər. 

Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, daşınmaz əmlakın idarə edilməsi müasir dövrdə iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biridir. "Urbanizasiya proseslərinin sürətlənməsi, şəhərlərin böyüməsi, torpaq və daşınmaz əmlak bazarının genişlənməsi, ağıllı şəhər texnologiyalarının tətbiqi, rəqəmsal kadastr sistemlərinin inkişafı bu sahədə peşəkar mütəxəssislərə tələbatı artırır. Azərbaycanda ilk dəfə olaraq məhz AzMİU-da Ankara Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində bu ixtisas üzrə tədrisin təşkil olunması ölkəmiz üçün mühüm hadisədir. Bu proqram vasitəsilə gələcəkdə daşınmaz əmlakın idarə edilməsi sahəsində milli elmi məktəbin və peşəkar mütəxəssis bazasının formalaşmasına nail olacağıq", – deyə rektor bildirib.

Professor Gülçöhrə Məmmədova əlavə edib ki, proqram dövlətin torpaq münasibətlərinin tənzimlənməsi, daşınmaz əmlak bazarının inkişafı, şəhərsalma siyasəti və ərazi idarəçiliyi istiqamətində həyata keçirdiyi strateji hədəflərə dəstək verəcək yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək.

Ankara Universitetinin prorektoru, professor Harun Tanrıvermiş çıxışında rəhbərlik etdiyi universitetin daşınmaz əmlakın idarə edilməsi sahəsində uzun illərə söykənən təcrübəyə malik olduğunu bildirib.

O qeyd edib ki, daşınmaz əmlakın idarə edilməsi artıq dünyanın əksər ölkələrində iqtisadiyyatın və şəhər inkişafının əsas istiqamətlərindən biri hesab olunur. "Bu sahə torpaq idarəçiliyindən başlayaraq daşınmaz əmlakın qiymətləndirilməsi, investisiya layihələrinin idarə olunması, şəhərsalma, kadastr sistemləri və rəqəmsal texnologiyaların tətbiqinə qədər geniş istiqamətləri əhatə edir. AzMİU ilə həyata keçirdiyimiz ikili diplom proqramı region üçün nümunəvi əməkdaşlıq modelidir. İnanırıq ki, bu proqramdan məzun olacaq gənclər həm Azərbaycan, həm Türkiyə, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislər kimi fəaliyyət göstərəcəklər", – deyə professor Harun Tanrıvermiş bildirib.

Görüş zamanı tərəflər arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq layihələrdə iştirak, akademik mobillik proqramları və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra AzMİU və Ankara Universitetinin işçi qrupları arasında geniştərkibli görüş keçirilib.

Görüşdə ikili diplom proqramının tədris planı, fənn proqramları, kreditlərin qarşılıqlı tanınması, akademik mobillik mexanizmləri, təcrübə imkanları, keyfiyyət təminatı prosedurları və tədris prosesinin təşkili ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, AzMİU və Ankara Universiteti tərəfindən həyata keçiriləcək "Daşınmaz əmlakın idarə edilməsi" üzrə ikili diplom proqramı Azərbaycanda bu sahədə ilk beynəlxalq ikili diplom proqramıdır. RICS akkreditasiyalı təhsil modeli əsasında qurulan proqram ölkədə daşınmaz əmlakın idarə edilməsi üzrə elmi ənənələrin formalaşmasına, beynəlxalq təcrübənin transferinə və dövlətin inkişaf prioritetlərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək. Bu ildən qəbuluna başlanılacaq proqram məzunlara həm Azərbaycan və Türkiyə, həm də qlobal əmək bazarında geniş karyera imkanları açacaq.

Moskvanı qara duman bürüdü - Putin Kazana qaçdı
Son xəbərlərDaha çox